Azərbaycan aviasiya tarixində silinməz iz qoymuş ilk pilot qadın
Tarixi şəxsiyyətlər

Azərbaycan aviasiya tarixində silinməz iz qoymuş ilk pilot qadın

Mülki aviasiyamız dünəndən bu günə qədər keçdiyi yolda mərhələ-mərhələ inkişaf edib. Azərbaycanda ilk təyyarə uçuşları Bakı səmasında 1910-cu ildə baş tutub. Bu, rus aviatoru Utoçkinin "Farman" tipli aeroplanla Balaxanı şossesində 4 gün ardıcıl olaraq həyata keçirdiyi uçuş olub. Azərbaycan aviasiyasının tarixi də elə həmin zamandan yazılıb. Sözügedən hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlayıb və qısa zamanda Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilib. Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş isə 1919-cu ildə həyata keçirilib.

1993-cü ildə böyük şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, milli aviasiya sahəsində də yüksək inkişafa səbəb oldu, xarici aviaşirkətlərlə müqavilələr bağlandı. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Ümummilli Liderin rəhbərliyi ilə "1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı" hazırlanıb, uğurla həyata keçirildi. Sözügedən proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına cavab verən yeni aerovağzal kompleksi tikildi.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçımızın mülki aviasiya sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsində mühüm nailiyyətlərə imza atılıb. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Hava limanı Azərbaycanın qapısıdır. Onu gərək elə göstərək ki, Azərbaycana layiq olsun". Elə buna görə də Azərbaycana gələn hər kəs ölkəmizin inkişafını ilk andaca hiss edir. Heydər Əliyev Beynəlxalq Hava Limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanıdır.

Hər bir xalqın tarixində silinməz iz qoymuş görkəmli qadınları vardır. Əsrlərdir ki, bu qadınların xidmətləri unudulmur və gələcək nəsillər üçün də örnəkdir. Azərbaycan xalqının da tarixində görkəmli qadın şəxsiyyətlər az olmayıb. Onlar özlərinin nəcib, ülvi hisslərini kağıza köçürüb şeirlər, romanlar yazmış, gözəl mahnılar bəstələmiş, şöhrəti dünyaya yayılan xalçalar toxumuş, Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş və hətta dövlət işlərində yaxından iştirak etmişlər. Azərbaycan qadınları arxa cəbhədə də gecə-gündüz işləmiş və cəbhəyə köməklik göstərmiş, qələbənin qazanılmasında əhəmiyyətli rol oynamışlar. Bu qadınlardan biri də Leyla Məmmədbəyovadır. O, Azərbaycanda, Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə ilk təyyarəçi qadın kimi tanınır. L.Məmmədbəyova 1909-cu ildə Bakıda anadan olub. "Səma xanımı" ləqəbi ilə tanınan Leyla xanım təhsilini Bakı aeroklubunda alıb. O, ilk uçuşunu 1931-ci ildə həyata keçirib, 1932-ci ildən etibarən isə təhsilini Moskvada davam etdirib. 1933-cü ildə Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atlanan L.Məmmədbəyova, həmçinin SSRİ-nin ikinci qadın paraşütçüsü olub. Bundan başqa, o, 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yerə layiq görülüb. Sonralar Bakı aeroklubunda müəllim kimi fəaliyyət göstərən Leyla Məmmədbəyova 1941-ci ildə yüzlərlə təyyarəçiyə təlim keçib, müharibə dövrü ərzində 4000 paraşütçü-desant hazırlayıb. Tarixə ilk azərbaycanlı pilot qadın kimi düşməyi bacaran Leyla Məmmədbəyova haqqında bir neçə əsərlər yazılıb ki, onlara misal olaraq Mikayıl Müşfiqin "Əfşan" və "Şölə" poemalarını göstərmək olar. Azərbaycanın görkəmli şairi Səməd Vurğun isə onun xatirəsinə "Leyla" əsərini qələmə alıb. 1934-cü ildə lentə alınan səssiz "İsmət" bədii filmi də Leyla Məmmədbəyovaya həsr olunub. 1995-ci ildə isə onun haqqında "Leyla" adlı sənədli film çəkilib.

O, aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə 1936-cı ildə "Şərəf nişanı" ordeni, 1945-ci ildə "Qafqazın müdafiəsinə görə", 1946-cı ildə "Əməkdə fərqlənməyə görə", "Əmək rəşadətinə görə", "Əmək veteranı" medalları ilə təltif olunub. Ən diqqətçəkən məqamlardan biri isə altı uşaq anası olan Leyla Məmmədbəyovanın mükafatları arasında "Analıq medalı"nın olması idi. Amerikanın "Huffington Post" nəşrində 2017-ci ildə Leyla Məmmədbəyova haqqında məqalə dərc olunub. Məqalədə onun fəaliyyəti belə qiymətləndirilir: "O, öz həyatı ilə Azərbaycanda - qadınların ABŞ-dan daha əvvəl səs vermək hüququna malik olduğu bir ölkədə tipik müsəlman qadını stereotipini qırdı". Qeyd etmək lazımdır ki, Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə olub.

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Röya RÜSTƏMLİ,

"Respublika".