Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib
Siyasət

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib

Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels həmsədrlik ediblər.

Tədbirdə Azərbaycan ilə Almaniya arasında iqtisadi-ticari əlaqələrinin gücləndirilməsi, ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, alternativ enerji, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi barədə müzakirələr aparılıb.

İclasda qlobal iqtisadiyyatın çətin sınaqlardan keçdiyi şəraitdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən struktur və institusional islahatlar, 2030-cu ilədək hədəflər barədə məlumat verilib, görülən işlərin ölkəmizin investisiya cəlbediciliyini artırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan ilə Almaniya arasında ticarət, investisiya, sahibkarlıq, nəqliyyat, sənaye, insan resursları sahəsində əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün böyük potensial var. İclasda işğaldan azad olunmuş Azərbaycan ərazilərində biznes imkanları da diqqətə çatdırılıb, Almaniya şirkətləri infrastruktur və investisiya layihələrində iştiraka dəvət edilib.

Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclasında müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Almaniyaya səfər çərçivəsində Berlində Almaniya-Azərbaycan "Menecerlərin ixtisasının artırılması" proqramının Müşahidə Şurasının 3-cü iclası keçirilib və proqram çərçivəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. İclasda 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan "Menecerlərin ixtisasının artırılması" proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar açdığı vurğulanaraq, 500-dən çox sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Adlershof" Texnologiya Parkı ilə tanış olub.