“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikası yubiley medalının təsviri
Hüquqi aktlar

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikası yubiley medalının təsviri

Azərbaycan Respublikasının

2022-ci il 27 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

 Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində ətrafı 1,3 mm enində ağ mina ilə örtülmüş, xarici və daxili çevrələrlə konturlanmış, dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.

2.2. Xarici və daxili konturların arasında göy minalı fonda yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ” sözləri, aşağı hissədə mərkəzdən “100” rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.3. Daxili çevrənin içərisində kitab, qılınc, tərəzi atributları təsvir edilmişdir.

2.4. Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin səthi hamardır, 1,3 mm enində zolaqlarla konturlanmışdır və mərkəzində üç sətrə bölünməklə “AZƏRBAYCAN ALİ MƏHKƏMƏSİ” sözləri, sözlərdən aşağıda bir sətirdə “1923–2023” rəqəmləri yazılmışdır. Bütün yazılar qızılı rəngdədir.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində palıd yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Xara lentin mərkəzində 12 mm enində göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində mavi rəngli, 3 mm enində göy rəngli, 3,5 mm enində ağ rəngli, 3 mm enində göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 

 

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı