Azərbaycan-Albaniya: əlaqələr genişlənir
Siyasət

Azərbaycan-Albaniya: əlaqələr genişlənir

Dövlət başçısı İlham Əliyevin bu ölkəyə səfəri qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün yeni səhifələr açır

Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra açılan səhifə yeni reallıqlar diktə edir. Azərbaycanın bu reallıqların dünyada qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Sülh gündəliyi günümüzün əsas müzakirə mövzusudur. Bu gündəliyin müəllifi olaraq Azərbaycanın mövqeyi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına yönələn səylər təqdir edilir. Dünyanın aparıcı dövlətlərinin rəsmilərinin Prezident İlham Əliyevə ünvanladıqları məktublarda, etdikləri telefon zənglərində, həmçinin həmin dövlətlərin, təşkilatların nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı keçirilən qəbullarda Azərbaycanın dünyaya səs salan tarixi Zəfərinin region və dünya siyasətində yol açdığı dəyişikliklər, yeniliklər xüsusi qeyd olunur. Yeni əməkdaşlıq formatları yaradılır. Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası, avtomobil və dəmir yollarının çəkilişi, iqtisadi əlaqələrin qurulması məsələlərinin müzakirəsi və s. kimi mühüm məqamlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələr icra edir. Dövlət başçısının xarici ölkələrə səfərləri çərçivəsində keçirilən müxtəlif səviyyəli görüşlərdə yuxarıda qeyd edilən məsələlər müzakirə obyekti olur.

Bu il noyabrın 15-də dövlət başçısı İlham Əliyev Albaniya Respublikasına səfər edib. Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” sarayında rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Albaniyanın dövlət bayraqlarının dalğalandığı meydanda düzülmüş fəxri qaravul dəstəsinin önündən keçən dövlət başçısı İlham Əliyevi Albaniya Respublikasının Prezidenti Bayram Beqay qarşılayıb. Dövlət himnləri səslənib. Həmin gün iki ölkə Prezidentinin görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Respublikasına baş tutan dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin gələcək inkişafından, qarşılıqlı faydalı əməkdaşlıqdan danışılıb. Tiranada Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olub. Görüşdən sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Prezident Bayram Beqay dövlət başçımızın ölkəsinə səfərini yüksək qiymətləndirərək iki ölkə arasında aparılan məhsuldar əməkdaşlığa görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Azərbaycanla Albaniya arasında əlaqələrin mövcud olduğu 30 il müddətində Azərbaycan Prezidentinin Albaniyaya ilk dövlət səfərini yüksək dəyərləndirib, belə yüksəksəviyyəli səfərin münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürü olduğunu diqqətə çatdırıb: “Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni səhifələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada “Azərbaycan həftəsi”ni keçirmək istəyirik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”.

Albaniya Prezidenti Bayram Beqay ölkələrimiz arasında enerji infrastrukturu, turizm, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib, eyni zamanda mədəni əlaqələrin xalqlarımızın bir-birini tanıması baxımından əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında Albaniyanın həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və dəstəyin qarşılıqlı olduğunu, həm işğal, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarının, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini bəyan edib. O, enerji sahəsində əməkdaşlığa, Azərbaycanın Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyi töhfə, burada indiyədək mövcud olmayan qaz şəbəkəsinin yaradılması və ölkəmizin bu sahədə investor kimi iştirak etmək imkanları barədə danışıb. Prezident İlham Əliyev deyib: “Daha bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Buna görə də mən sizə minnətdaram”.

Prezident İlham Əliyev Tiranada “Mother Albania” abidəsini də ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub. Yeri gəlmişkən deyək ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albania” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təcəssüm etdirir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidə üçmetrlik postamentin üzərində ucaldılıb. Postamentin üzərində, “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.

Dövlət başçısı İlham Əliyev Albaniyanın Baş naziri Edi Rama ilə də təkbətək görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, fəal siyasi dialoqun həyata keçirildiyi bildirilib. Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd edilib. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Baş nazir Edi Rama Bakıda səfərdə olarkən dövlət başçısı ilə görüşündə demişdir: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin deyib: “Biz sizin qonşunuz Ermənistanla sülh və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.

Zümrüd QURBANQIZI,

“Respublika”.