Azərbaycan-ABŞ münasibətləri birgə səylərlə inkişaf edir
Siyasət

Azərbaycan-ABŞ münasibətləri birgə səylərlə inkişaf edir

Azərbaycan-ABŞ münasibətlərinin 29 illik tarixi son dərəcə mühüm hadisələrlə zəngindir. İkitərəfli əməkdaşlıq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra başlamışdır. Söhbət postsovet məkanında yeni yaranmış tarixi şəraitdə ilk dəfə əməkdaşlıq əlaqələri quran iki dövlətdən gedirdi.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildiyi gündən ABŞ-la diplomatik münasibətlərin genişləndirilməsinə böyük önəm verib. Onun ABŞ və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında şəxsi səyləri mühüm əhəmiyyət daşıyıb. Qarşılıqlı əlaqələr hər iki tərəfin maraqlarına cavab verirdi. Hər şeydən əvvəl, Azərbaycanla ABŞ arasında energetika sahəsində işbirliyinin təməli qoyuldu. Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ABŞ və digər xarici ölkələrin aparıcı şirkətlərinin iştirakı ilə istismarı sahəsində aparılan danışıqlar uğurla başa çatdı və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan-ABŞ əməkdaşlığında ilk tarixi addım atıldı. Sonralar Azərbaycanın neft və qaz yataqlarının birgə istismarı haqqında digər sazişlər də imzalandı və energetika sahəsində əməkdaşlıq dolğun məzmun kəsb etdi.

2003-cü ildən - yeni əsrin başlanğıcından Azərbaycan-ABŞ münasibətləri strateji partnyorluq istiqamətində yüksələn xətlə inkişaf etmişdir. Ümumiyyətlə, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət başçısı seçildiyi vaxtdan bu günə qədər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə - siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlər üzrə genişləndirilmiş və daha da inkişaf etdirilmişdir.

Qarşıda duran  mühüm vəzifələrdən biri də Azərbaycan karbohidrogenlərinin dünya bazarına çıxarılmasını təmin etmək idi ki, bu işdə də ABŞ həlledici rol oynadı. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin inşası məhz Vaşinqtonun bilavasitə dəstəyi ilə gerçəkləşdi.

Azərbaycan neftini dünya bazarına nəql edən bu kəmər təkcə kommersiya layihəsi deyildi; BTC həm də Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edən, eyni zamanda Xəzər-Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığın genişlənməsinə təkan verən amil kimi çıxış etdi. Ümumiyyətlə, ABŞ Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və ixracı layihələrində fəal iştirak edir, bu işə dəstəyini daim nümayiş etdirir. 2014-cü ildən başlayaraq “Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması prosesi gedir. ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq bu layihəyə diplomatik və strateji dəstək verir.

Azərbaycan-ABŞ əlaqələrinin prioritet istiqamətlərindən biri də beynəlxalq terrorizmə qarşı mübarizədir. Bu sahədə iki ölkə arasında əməkdaşlıq 11 sentyabr 2001-ci il terror aktlarından sonra ABŞ-ın liderliyi ilə Əfqanıstanda keçirilmiş antiterror əməliyyatında özünü büruzə verdi. Azərbaycan həm hərbçilərinin iştirakı ilə, həm də tranzit ölkə kimi bu əməliyyatı fəal şəkildə dəstəklədi. Öz növbəsində Vaşinqton Bakının bu cür beynəlxalq missiyaların həyata keçirilməsinə verdiyi töhfəni həmişə qeyd edir.

Bu gün Azərbaycanda bir çox sahələrdə köklü islahatlar gedir. Diplomatik sahədə də dəyişikliklər çoxdur. Azərbaycan regionda sülh və əmin-amanlığa böyük önəm verir.  Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsi bölgənin geosiyasi mənzərəsini dəyişib. 44 günlük müharibədən sonra Azərbaycan işğal olunmuş ərazilərini azad edib. 2020-ci il noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. Münaqişə həll olunsa da, münaqişədən sonrakı dövr sabitlik və təhlükəsizliyə qarşı davamlı çağırışlarla yanaşı, regional iqtisadi inteqrasiya üçün yeni imkanlarla səciyyələnir. 

Müharibədən sonrakı dövrdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan son sülh müqaviləsinin davamlı sülhün açarı olduğu başa düşülməlidir. Münaqişəsonrası Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası səslərin 54 faizini qazanmaqla növbədənkənar parlament seçkilərində qalib gəlib. Ermənistandakı siyasi qeyri-sabitlik böhrana səbəb olub.

Azərbaycan bütün regional və digər dövlətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycan hesab edir ki, ABŞ yaranmış reallığa uyğun olaraq ölkəmizlə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Azərbaycan bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdi.

İnanırıq ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri iki xalqın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Söhrab SƏFİYEV,

“Respublika”.