İQTİSADİYYAT

"Azdövsutəslayihə" İnstitutunun 90 illik fəaliyyətinin intibah dövrü Ulu Öndərin adı ilə bağlıdır

5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü

Tarixin müxtəlif dönəmlərində hər bir xalqın, hər bir ölkənin həyatında xilaskarlıq missiyasını yerinə yetirən, xalqını, ölkəsini inamla inkişafa, intibaha aparan dahi şəxsiyyətlər, müdrik liderlər olmuşdur. Uca Tanrı tarixin ən çətin anlarında Azərbaycan xalqına da dünyaşöhrətli siyasətçi, dövlətimizin qurucusu Heydər Əliyev kimi cəsarətli, qətiyyətli bir lider, xalqını üzləşdiyi hər cür çətinlikdən, böhrandan qurtarmağa qadir olan, onu məğlubiyyətdən qələbəyə, tənəzzüldən tərəqqiyə aparan müdrik bir şəxsiyyət bəxş etmişdir.

Bütün ölkə vətəndaşları, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, müasir tariximizin ən qüdrətli siması olan bu dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini böyük fəxarət hissi və ümumxalq sevgisi ilə qeyd edirlər.

Böyük qürur və fərəhlə Ulu Öndərin 100 illik yubileyini qeyd edən "Azdövsutəslayihə" İnstitutunun kollektivi üçün 2023-cü il iki qat əlamətdardır. Belə ki, bu il kollektivimiz Ümummilli Liderin 100, intibah dövrü Ulu Öndərin adı ilə bağlı olan İnstitutumuzun isə 90 illik yubileyini qeyd edirlər.

Azərbaycanda su təsərrüfatı və meliorasiya sahəsinin inkişafında müstəsna rol oynayan "Azdövsutəslayihə" İnstitutunun kollektivi bu möhtəşəm yubileyləri və eləcə də öz peşə bayramlarını - 5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Gününü yüksək əmək nailiyyətləri ilə qarşılayır.

Azərbaycanda su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərin təməli hələ XIX əsrdə qoyulsa da, bu sahənin hərtərəfli inkişafı Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması ilə respublikamızda xalq təsərrüfatının bütün sahələrinə, o cümlədən də su təsərrüfatı və meliorasiya sahəsinə xüsusi diqqət və qayğı göstərilməyə baslanıldı.

1976-1982-ci illərdə respublikamızda su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərin həcmi daha da artırıldı. Bu illərdə su təsərrüfatı və meliorasiya sahəsinə 1971-1975-ci illərə nisbətən 2,4 dəfə çox vəsait qoyuldu. Bu illər ərzində respublikamızda Sərsəng Su Anbarı, Suqovuşan hidroqovşağı, Tərtərçay magistral kanalları, Arpaçay, Sirab, Aşağı Köndələnçay, Yuxarı Xanbulançay su anbarları və digər obyektlər tikilib istifadəyə verildi. Şəmkir, Əyriçay, Coğazçay su anbarlarının inşasına başlanıldı. Yeri gəlmişkən, qeyd edim ki, bu illərdə inşa olunan bütün meliorasiya və su təsərrüfatı obyektlərinin layihə sənədləri "Azdövsutəslayihə" İnstitutunun kollektivi tərəfindən işlənib hazırlanırdı.

Ümumiyyətlə, 1970-1982-ci illər ərzində respublikamızda meliorasiya və su təsərrüfatı sahəsinə 2,5 milyard manatdan artıq vəsait ayrılmışdır ki, bu vəsait isə Sovet hakimiyyətinin bu dövrdən əvvəlki 50 il ərzində bu sahəyə yönəltdiyi vəsaitdən təxminən 2 dəfə çox idi.

Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə meliorasiya və su təsərrüfatının kompleks şəkildə inkişafı "Azdövsutəslayihə" İnstitutuna da öz müsbət təsirini göstərmiş oldu. Belə ki, bu inkişaf institutda yerinə yetirilən layihə-axtarış islərinin həm həcminin, həm keyfiyyətinin, həm də institut əməkdaşlarının sayının artmasına imkan yaratdı.

Meliorativ sistemlərin və hidrotexniki qurğuları layihələndirilməsində əldə etdiyi nailiyyətlərə görə "Azdövsutəslayihə" İnstitutunun fəaliyyəti o dövrdəki İttifaq rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və İnstitut 1983-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Şərəf Nişanı" ordeni ilə təltif olunmuşdur.

Meliorasiya və su təsərrüfatı tikintilərinin layihələndirilməsində qazanılmış zəngin iş təcrübəsi "Azdövsutəslayihə" İnstitutunun yüksəkixtisaslı kadrlarının xarici dövlətlərə dəvət almasına imkan yaratdı. Onu da qeyd edək ki, "Azdövsutəslayihə" İnstitutu sovetlər dönəmində istər respublikamızda, istərsə də, sovetlər birliyinin digər respublikalarında əməkdaşları xarici ölkələrdə çalışan çox az sayda müəssisələrdən biri olmuşdur.

Ötən əsrin səksəninci illərinin sonlarında sovetlər birliyində baş qaldıran milli azadlıq hərəkatı Azərbaycanda da geniş vüsət aldı. Tökülən qanlara, edilən təqib və təzyiqlərə baxmayaraq, respublikamız öz dövlət müstəqilliyini əldə etdi. Bununla belə, müstəqilliyin ilk illərində respublikamız müəyyən siyasi, iqtisadi problemlərlə üzləşməli oldu. Belə ki, İttifaq dövlətinin dağılması nəticəsində mövcud iqtisadi əlaqələr pozulmuş, istehsal müəssisələri fəaliyyətini dayandırmış, infrastruktur tamamilə məhv olmuşdu. Belə bir acınacaqlı iqtisadi vəziyyətdə Qarabağda ərazilərimizin erməni işğalına məruz qalması, ölkəmizin cənub və şimal ərazilərində separatizm meyillərinin artması və digər bu kimi problemlər ölkəmizi olduqca böhranlı bir duruma sürükləyirdi. Yaranmış belə bir acınacaqlı vəziyyətdə xalqın qətiyyətli istək və tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndərin təcrübəsi, siyasi manevrləri sayəsində ölkədə baş alıb gedən xaosa, anarxiyaya son qoyuldu. Ölkənin şimal və cənubunda baş qaldıran separatizm meyilləri elə beşiyindəcə "boğuldu" və qısa müddət ərzində respublikada ictimai-siyasi sabitlik təmin edildi. Qarabağ ətrafında davam edən düşmən hücumlarının qarşısı qətiyyətlə alındı və hətta bir neçə yaşayış məntəqəsi azad edildi. Az sonra isə atəşkəs əldə olunaraq ölkədə ordu quruculuğuna başlanıldı. Ölkənin iqtisadi inkişafı üçün əlverişli şərait yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həyatın bütün sahələrində, o cümlədən də meliorasiya və su təsərrüfatı sahəsində əsaslı islahatların həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Respublikamızda bir çox idarə və müəssisələr kimi, "Azdövsutəslayihə" İnstitutu da öz istehsalat ritmini tam bərpa edərək var qüvvəsi ilə müstəqil respublikamızın meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi və yenidən qurulması layihələrini işləyib hazırlamağa başladı.

Müstəqilliyimizin ilk illərində Ulu Öndərin göstərişinə əsasən respublikaya qoyulan xarici investisiyaların ilk növbədə yönəldildiyi sahələrdən biri də meliorasiya və su təsərrüfatı sahəsi oldu. Məhz bu baxımdan, ilkin olaraq Baş Mil-Muğan kollektoru, Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması və Vayxır Su Anbarı obyektlərinin xarici investisiya hesabına maliyyələşdirilməsi qərara alındı.

Respublikamız üçün həyati əhəmiyyət daşıyan bu obyektlərin layihə sənədləri xarici şirkətlərlə birlikdə "Azdövsutəslayihə" institutunun mütəxəssisləri tərəfindən bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq işlənib hazırlandı. Xarici şirkətlərlə əməkdaşlıq əlaqələrini genişləndirən institutumuzun mütəxəssisləri tərəfindən 1997-ci ildə Almaniyanın layihə şirkəti ilə birgə "Azərbaycanda İrriqasiyanın və Drenaj İnfrastrukturunun Bərpası və Yaxşılaşdırılması" layihəsi işlənib hazırlandı.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, onun ölkə başçısı kimi apardığı düşünülmüş, elmi əsaslara söykənən uğurlu siyasəti nəticəsində respublikamızın qarşısında duran vəzifələrin həll olunması üçün real imkanlar yarandı. Ölkə başçısı seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu kursa yeni çalarlar əlavə etdi, ölkəmizin həyatına yeni ruh, təzə nəfəs gətirdi. O, Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoydu ki, bu missiyanın da əsas fəlsəfəsi inkişaf, rifah, uğur və qalibiyyət idi.

"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam", - söyləyən ölkə başçısının uğur fəlsəfəsindən bütün Azərbaycan cəmiyyəti, bu cəmiyyətdə fəaliyyət göstərən hər bir fərd, hər bir kollektiv bəhrələndi ki, onların arasında "Azdövsutəslayihə" İnstitutu da var idi. Belə ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladıqdan sonra respublikamızda meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların artması sayəsində bu sahədə olan mövcud obyektlərin yenidən qurulması, təmir-bərpa olunması, yeni obyektlərin inşasına başlanılması "Azdövsutəslayihə" İnstitutunda layihə sifarişlərinin artmasına, təsərrüfat hesablı institutun maliyyə vəziyyətinin yaxşılaşmasına, beləliklə də kollektivin sıralarının çoxalmasına və institutda istehsalat ritminin sabitləşməsinə imkan yaratdı. Müqayisə üçün qeyd edək ki, İnstitutun 2007-ci ildə layihə-smeta işlərinin hazırlanmasından əldə etdiyi vəsait 1997-ci illə müqayisədə 10 dəfə çox idi.

İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı ilk gündən onun meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində bu sahədə inşa olunan obyektlərin sayı ilbəil artmağa başladı. İnşa olunan su təsərrüfatı obyektlərinin artması isə öz növbəsində institutumuz tərəfindən yerinə yetirilən layihə işlərinin həcmi və keyfiyyətinin yüksəlişinə səbəb oldu. Kollektivimiz tərəfindən bir-birinin ardınca respublikamızda inşa olunan Vayxır, Göytəpə, Tovuzçay, Yengicə və digər bu kimi iri su anbarlarının layihələri hazırlandı, respublikamızın su təhlükəsizliyində mühüm rol oynayan Taxtakörpü və Şəmkirçay su anbarlarının layihələrinin hazırlanmasında yaxından iştirak etdi.

Ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının ödənilməsi məqsədilə son illər respublikamızda yaradılan aqroparkların ərazilərinin suvarma suyu ilə təmin olunması layihələri kollektivimiz tərəfindən işlənib hazırlanır. Bu günə qədər institutun mütəxəssisləri tərəfindən "Şabran Aqroparkda infrastrukturun qurulması məqsədilə meliorasiya tədbirləri", "Goranboy və Samux rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi", "Qax rayonunda yaradılan Aqroparkın suvarma suyu ilə təmin edilməsi", "Şəki və Oğuz rayonlarında yaradılacaq Aqroparkın 12300 hektar sahəsinin suvarma suyu ilə təmin edilməsi", "Qobustan rayonunda yaradılmış Aqroparka məxsus 998 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi", "Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi", "Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqroparkın əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" və digər obyektlərin layihə sənədləri işlənib hazırlanmışdır.

2020-ci ilin 27 sentyabrında Ordumuz 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qalmış torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən noyabrın 10-dək davam edən "Dəmir Yumruq" əməliyyatı, 44 günlük Vətən müharibəsi Ordumuzun tarixi Zəfəri ilə başa çatdı. Torpaqlarımız azad olunduqca aydın oldu ki, erməni işğalçıları tərəfindən yaşayış məntəqələrimizə, təbiətimizə və təbii sərvətlərimizə qarşı əsl terrorçuluq siyasəti həyata keçirilmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində respublikamızın meliorasiya və su təsərrüfatı infrastrukturuna da xeyli miqdarda ziyan dəymişdir. Bu ərazilərdə yerləşən su təsərrüfatı obyektlərinin əksəriyyəti münaqişə zamanı tamamilə dağıdılaraq yararsız hala salınmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı qarşıda ölkəmizi işğaldan azad olunan ərazilərin bərpa edilməsi kimi mühüm vəzifələrin gözlədiyini bildirmişdir.

Azad olmuş ərazilərin tamamilə bərpa edilərək dirçəldilməsi, o cümlədən meliorasiya və su təsərrüfatı kompleksinin bərpa edilməsi məqsədilə ölkəmizdə xüsusi Proqram qəbul edilmiş və bu Proqram üzrə müvafiq Tədbirlər Planı işlənib hazırlanmışdır. Bu Tədbirlər Planının həyata keçirilməsi çərçivəsində institutumuzun mütəxəssisləri tərəfindən Bərgüşadçay, Həkəri və Zabuxçay su anbarlarının konseptual layihələri hazırlanaraq su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə yaradılmış Su Komissiyasına təqdim edilmişdir.

"Azdövsutəslayihə" İnstitutunun kollektivi hər zaman möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısını, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun köməkliyini öz üzərində hiss edir. Odur ki, bizə göstərdikləri hər cür diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı bildirir və əmin edirik ki, kollektivimiz ona göstərilən etimadı həmişə ləyaqətlə doğruldacaq və müstəqil Azərbaycanımızın xosbəxt, firavan gələcəyi naminə bundan sonra da öz fəaliyyətini uğurla, yüksək əzmkarlıqla davam etdirəcəkdir.    

     Elbrus PAŞAYEV,

"Azdövsutəslayihə" İnstitutunun direktoru,

Azərbaycan Respublikasının Əməkdar mühəndisi,

texnika elmləri namizədi.