“AZAL
Digər xəbərlər

“AZAL" və Polşanın “LOT" aviaşirkəti əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Baş əməliyyat direktoru Matsey Vilkin başçılığı ilə Polşanın "LOT" aviaşirkətinin nümayəndə heyəti "Azərbaycan Hava Yolları"nın dəvəti ilə Bakıya işgüzar səfərə gəlib.

Fevralın 24-də AZAL-ın ofisində keçirilən görüşdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və "LOT" aviaşirkətinin baş əməliyyat direktoru Matsey Vilk əməkdaşlığın perspektivlərini və mülki aviasiyanın aktual məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər həmçinin epidemiya əleyhinə məhdudiyyətlərdən çıxmaq üçün aviaşirkətlər tərəfindən görülən ardıcıl tədbirlər və sərnişin reyslərinin mərhələli şəkildə bərpa edilməsi haqqında məlumat veriblər.

Eldar Hacıyev birbaşa hava əlaqəsinin açılmasının iki ölkə arasında turizim və işgüzar münasibətlərin inkişafı üçün əlavə stimul olacağını və 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejiminin tətbiq olunduğunu qeyd edib. "Bu dərəcələr bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir", - deyə Eldar Hacıyev bildirib.

 Matsey Vilk Polşada xarici vətəndaşların girişinə qoyulan bir sıra koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda "LOT" aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərinin açılmasında maraqlı olduğunu bildirib.

Qonaqlar beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə təyyarələrə göstərilən yerüstü xidmətlər, müxtəlif xidmətlərin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait ilə tanış olublar.

"Azərbaycan Hava Yolları" QSC-nin

Mətbuat Xidməti.