“AZAL” və “LOT” aviaşirkətləri səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər
Digər xəbərlər

“AZAL” və “LOT” aviaşirkətləri səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər

"AZAL"ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə "LOT" aviaşirkətinin baş icraçı direktoru və idarə heyətinin sədri Rafal Milçarskinin başçılıq etdiyi Polşa nümayəndə heyəti mayın 26-da Bakıya işgüzar səfərə gəlib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə Cahangir Əsgərov və Rafal Milçarski ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmiş, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildirmişlər. Qeyd edilmişdir ki, İki ölkə arasında uçuşların başlanması turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək.

Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.

"AZAL"ın prezidenti Cahangir Əsgərov ölkənin yeddi beynəlxalq hava limanının hər birində beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejiminin tətbiq olunduğunu xüsusi olaraq vurğulayıb. Bu hava azadlığı dərəcələri isə xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir.

"LOT" aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.

Görüşün sonunda qonaqlara beş ulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə, təyyarələrə göstərilən yerüstü xidmət, müxtəlif xidmətlərinin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait nümayiş etdirilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti.