AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi  imkanını müzakirə ediblər
Digər xəbərlər

AZAL və Airbus aviaşirkətin hava gəmiləri parkının yenilənməsi  imkanını müzakirə ediblər

AZAL-ın prezidenti Cahangir Əsgərov oktyabrın 13-də “Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb. Görüş zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə edib və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsindən  danışıblar.

O cümlədən “Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilib. Belə ki, müəyyən edilən dövrdə “Airbus Group” tərəfindən aviaşirkət mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinə  yeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə ilə  təchiz edilə bilər.

Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.

Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.