Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqət mərkəzindədir
Digər xəbərlər

Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqət mərkəzindədir

Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Eldar Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini vurğulayıb, məhkəmə-hüquq islahatlarının, cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlərin davam etdirildiyini qeyd edib.

Müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Aqşin Ziyadov hesabat məruzəsi ilə çıxış edərək azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasının diqqətdə saxlanıldığını, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə elektron nəzarət vasitələrinin tətbiqinin genişləndirildiyini bildirib.

Probasiya sahəsində işin daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı Şəhər Probasiya İdarəsinin yaradılaraq fəaliyyətə başladığını, həmçinin işğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanlarının fəaliyyətinin bərpası ilə bağlı tədbirlər çərçivəsində Qarabağ regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan Ağdam və Füzuli rayon icra və probasiya şöbələrinin işinin səmərəli təşkilində əməli və metodiki köməklik göstərildiyini vurğulayıb.

Bildirilib ki, 2021-ci ilin birinci yarımilində 4600-dən artıq şəxs probasiya qeydiyyatına götürülüb, onlardan 2100-ü azadlığın məhdudlaşdırılması, 450-dən çoxu nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, 425-i cərimə, 500-ə yaxın islah və ictimai işlər, habelə digər cəzalara məhkum edilmiş şəxslər olub. Hesabat dövründə cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 660 min manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

3300-dən çox şəxs isə cari ildə cəza müddətinin başa çatması ilə əlaqədar probasiya qeydiyyatından çıxarılıb, cəzanın icrasından boyun qaçırdığına və elektron nəzarət vasitəsilə aşkar olunan cəzaçəkmə qaydaları üzrə pozuntulara yol verdiyinə görə 300-dən artıq məhkumun cəzası daha ağır, o cümlədən yarıdan çoxu azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək 2021-ci ildə həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 2900-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 1070 məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 4000-dək məhkum elektron qolbaq daşıyır və onların üzərində dönmədən probasiya nəzarəti həyata keçirilir.

Bundan əlavə, məhkəmə qərarları ilə ictimai işlər növündə cəza və inzibati tənbeh kimi tətbiq edilmiş 380 nəfərə yaxın şəxs probasiya qeydiyyatına alınıb.  Bu növ cəza və inzibati tənbehin icrası ilə bağlı həmin şəxslər şəhər və rayon ərazilərinin, küçə, park və meydanların, yolların abadlaşdırılması və təmizlənməsi, məişət tullantılarının daşınması, təmir və tikinti, habelə kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə bağlı işlərə cəlb olunmaqla 76 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib.

Nazirlik tərəfindən bu sahədə nəzarəti gücləndirmək, cəzanın formal icrasının qarşısını almaq məqsədilə mütəxəssislərlə birgə elektron nəzarət qurğusu hazırlanaraq səmərəli tətbiq olunur. Belə ki, bu innovasiya cəza çəkən şəxsin ictimai işləri yetirməli olduğu əraziyə daxil olarkən əl-barmaq izi ilə aktivləşərək onun işlədiyi ərazi və vaxt avtomatik Xidmətin Monitorinq Mərkəzində qeyd edilir. Bununla, həmçinin cəza çəkməkdən yayınma hallarının qarşısı alınır.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı Probasiya Xidmətinin məsul işçiləri və yerli qurumların rəhbərləri dinlənilib, azadlıqdan məhrumetməyə alternativ, o cümlədən islah və cərimə işləri növündə cəzaların icrasına diqqətin artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi tapşırılıb.

Müşavirəyə yekun vuran nazir müavini xidmətin işinin dövlət başçısının tələblərinə uyğun təkmilləşdirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret göstərişlər verib, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini vurğulayıb.

AZƏRTAC