Azadlığın od-şimşək zərrəsidir şəhidlər
Region

Azadlığın od-şimşək zərrəsidir şəhidlər

Vətənin, torpağın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğulların qəhrəmanlığı tariximizin ən şərəfli səhifələrindən biridir. Şəhidlər uyuyan torpaqlar çox müqəddəs və həm də çox qiymətlidir. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik məqamına yüksəlir. Dünyada bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?! Vətən həmişə öz oğullarına əmanətdir, onu göz bəbəyi kimi qorumaq isə ən böyük şərəfdir. Füzuli rayonundakı 6 saylı Qayıdış qəsəbəsindən Vətən müharibəsində iştirak etmiş dörd nəfər gəncin həyat hekayəsi onların ali məqama yüksəlmələri ilə başa çatıb. Valideynləri məcburi köçkün kimi ağır günlər yaşayıb, o çətin günlərdə övladlarını böyütmək üçün, necə deyərlər. Kirpikləri ilə od götürüblər, el-obaya, Vətənə layiq oğullar yetişdiriblər. Füzuli torpağının yetirməsi, əslən Aşağı Veysəlli kəndindən olan 19 yaşlı gənc Şəmsi Cəfərov Vətən müharibəsində şəhid olub, öz adını qəhrəmanlığın zirvəsinə yazıb.

Şəmsi Cəfərov 2001-ci il sentyabrın 27-də Bakı şəhərində məskunlaşan məcburi köçkün ailəsində dünyaya göz açıb. Orta təhsilini əvvəlcə Bakı şəhəri, Sabunçu rayonunda, sonra Füzuli rayon 6 saylı Qayıdış qəsəbəsindəki tam orta məktəbdə bitirib. 2019-cu ildə həmin məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Vətənin müdafiəsində qürurla dayanan Şəmsi xidmət etdiyi hərbi hissədə nümunəvi əsgər kimi tanınıb.

Taleyin qismətinə baxın, Şəmsinin on doqquz yaşı tamam olan gün, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayıb. Müharibənin ilk günündən döyüşə atılan oğulların cərgəsində Şəmsi də olub. Döyüş yoldaşları ilə birlikdə hücum əmrini yerinə yetirərək düşmənə ağır zərbələr vurublar. Şəmsi ad günündən iki gün sonra, sentyabrın 29-da Tərtər rayonunun Şıxarx kəndi uğrunda gedən döyüşdə  həlak olub. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsində qəhrəmanlıq göstərən oğullardan biri də Elnur Quliyevdir. Elnur 1984-cü il iyulun 25-də Füzuli rayonunda dünyaya göz açıb. Doqquz yaşı olanda Ermənistanın hərbi təcavüzü nəticəsində valideynləri ilə birlikdə məcburi köçkün taleyi yaşayıb. Yurd-yuvasından didərgin düşən ailə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsinə pənah gətirib. Elnur burada orta məktəbi bitirib. Hərbçi olmaq arzusu onu  2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib. Kursant Elnur Quliyev hərbi məktəbdə fiziki və döyüş hazırlığını artırıb, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirib və artilleriya ixtisası üzrə akademiyanı uğurla bitirib.

2007-ci ildə “N” saylı hərbi hissədə xidmətə başlayıb. Çətin və  şərəfli həyat yolu keçən Elnur hərbin sirlərinə dərindən bələd olur, peşəkarlığını artırır, nümunəvi xidməti ilə hörmət qazanır. Mayor hərbi rütbəsinə layiq görülən Elnur divizion komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsində çalışıb. Vətənin igid oğlu əlahiddə kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilib. Nümunəvi xidmətinə görə Elnur dəfələrlə Fəxri fərmanla və medallarla təltif olunub.

Vətən müharibəsi başlayan gündən kəşfiyyat qrupları ilə döyüşlərə atılıb. Elnur Füzuli və Cəbrayıl rayonlarının bir sıra kənd və yüksəkliklərin azad edilməsində iştirak edib. Füzuli uğrunda gedən döyüşlərin birində mühasirəyə düşən şəxsi heyəti xilas etmək üçün tabor komandiri Elnur dörd nəfər döyüş yoldaşı ilə qeyri-bərabər döyüşə girərək düşmən səngərinə keçib. İgid döyüşçülər düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək şəxsi heyəti xilas ediblər. Elnur Quliyev Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olub. Elnur 2020-ci il oktyabrın 2-də ağır döyüşdə qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nurlan Yusif oğlu Rzayev 23 may 1991-ci ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub. Valideynləri Qayıdış qəsəbəsində məskunlaşıb. Vətən müharibəsi başlanan ilk gündən döyüşlərə qatılıb. Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə igidlik göstərib. 2020-ci il oktyabrın 18-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda başlayan Vətən müharibəsində igidlik və şücaət göstərən oğullardan biri də  Elmir Rasim oğlu Ağayevdir. Elmir 1991-ci il mayın 19-da Füzuli rayonu, Horadiz kəndində anadan olub. İki yaşında ailəsi ilə birlikdə məcburi köçkün düşüb, valideynlərinin üzləşdiyi erməni təcavüzü, didərginlik ağrıları uşaq yaşlarından onun qəlbində düşmənə nifrət yaradıb. Vətən qarşısında borcunu yerinə yetirəndən sonra Füzuli rayonundakı “N” saylı hərbi hissədə müddətdən artıq  hərbi qulluqçu kimi xidmətini davam etdirib. İlk günlərdən Vətən müharibəsində iştirak edib. 2020-ci noyabrın 24-də şəhid olub. Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, Birinci və İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 735 nəfər şəhid olub. Onların xatirəsi həmişə uca tutulur, qəhrəmanların adı əbədiləşdirilir, şəhid ailələrinə, qazilərə doğma münasibət göstərilir. 6 saylı Qayıdış qəsəbəsində haqqında söz açılan dörd şəhidin əziz xatirəsinə ucaldılan abidənin açılışı olub. Abidədə Qayıdış qəsəbəsində yaşamış Elnur Quliyevin, Nurlan Rzayevin, Şəmsi Cəfərovun və Elmir Ağayevin şəkilləri və məlumatları əks olunub. Abidənin açılışında rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İllər ötüb keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan oğullarımızı daim qəlbimizdə yaşadaq.

Salman ALIOĞLU,

“Respublika”.