Azad, müstəqil Azərbaycanın milli maraqları layiqincə qorunur
Siyasət

Azad, müstəqil Azərbaycanın milli maraqları layiqincə qorunur

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmiz Cənubi Qafqaz regionunda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır.

İkinci Qarabağ müharibəsində 30 il işğal altında qalan torpaqlarını erməni işğalçılarından azad edərək özünü həm də bütün dünyaya güclü, yenilməz, beşinci nəsil silahlarla silahlanmış orduya sahib qüdrətli dövlət olaraq isbat edən müstəqil dövlətimiz beynəlxalq aləmdə mühüm aktora çevrilib. İqtisadi gücü, potensialı gündən-günə artan Azərbaycan beynəlxalq aləmdə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirən etibarlı tərəfdaş, dilindən, dinindən asılı olmayaraq bütün xalqların birgəyaşayışına mühüm töhfə verən sülhsevər, tolerant, multikulturalizmin ünvanı olan ölkə kimi tanınır. Heç bir ölkə ilə ədavəti olmayan, heç bir dövlətin daxili işlərinə qarışmayan, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşan ölkəmiz humanist ideyaları rəhbər tutaraq inkişaf yolunda inamla irəliləyir.

Bir çox beynəlxalq təşkilatların, qurumların 30 il ərzində Azərbaycan topaqlarını zəbt edən işğalçı Ermənistanla bacarmadığı halda, öz potensialı, daxili gücü ilə heç bir ölkədən yardım almadan düşmənə layiqli cavab verərək ərazilərini işğalçılardan təmizləyən Azərbaycanın bu iqtidarı bəzi qərb ölkələrini ciddi şəkildə narahat edir. Azərbaycanı gözü götürməyən, onun Zəfərini həzm edə bilməyən ermənipərəst ölkələr hər vəchlə ölkəmizin uğurlarına mane olmağa, nüfuzunu aşağı salmağa, inkişafına xələl gətirməyə çalışırlar.

Ölkəmizə qarşı ikili münasibət bəsləyən, ATƏT-in prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və danışıqlar vasitəsilə həll edilməsi üçün yaradılmış Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olan Fransa dövləti 30 il ərzində Azərbaycan xalqına məxsus ərazilərin işğaldan azad edilməsi üçün heç bir uğurlu addım atmamış, əksinə, münaqişənin uzanmasına, həll edilməməsinə vəsilə olmuşdur. Elə buna görədir ki, Azərbaycanın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Vətən müharibəsinə başlayaraq erməni işğalçılarını məhv etməsini Fransa hökuməti müharibədən iki il ötməsinə baxmayaraq, hələ qəbul edə bilmir. Bu, Fransa prezidenti Emmanuel Makronun həm xarici siyasətində, həm də davranışlarında özünü açıq-aydın büruzə verir. Fransa hökuməti tərəfindən hər zaman sərgilənən ikili münasibət bu ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə münasibət fonunda bir daha nümayiş olundu. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə sərhəddə təxribat törədən Ermənistan silahlı birləşmələri sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmiş, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirmişdir. Müzəffər Azərbaycan ordusu ərazi bütövlüyümüzə yönəlmiş hərbi təhlükənin, təxribatın qarşısını dərhal alaraq erməni silahlılarını məhv etmişdir. Bu isə bəzi qərb ölkələri kimi ənənəvi olaraq ermənipərəst siyasət yürüdən Fransanı çox narahat etmişdi.

Oktyabrın 6-da "Avropa siyasi birliyi"nin yeni platforması çərçivəsində Praqada Azərbaycan Prezidenti, Fransa prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən dördtərəfli görüşdə Nikol Paşinyan və Emmanuel Makron sərhəddə baş vermiş insidentlə bağlı Azərbaycana təzyiq göstərəcəklərini planlaşdırsalar da, Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində buna nail ola bilmədilər. Dördtərəfli görüşdə Fransa prezidentinin Ermənistanı dəstəklədiyi, Ermənistan baş nazirinin də Fransa hökumətinə arxalandığı açıq-aydın görünürdü. Hər zaman üçtərəfli formatda keçirilən görüşlərdə bu dəfə Azərbaycan və Ermənistan arasındakı münasibətlərə heç bir aidiyyəti olmayan Fransanın da iştirak etməsi Azərbaycan dövlətinin xoş məramından irəli gəlsə də, bu dəfə də Emmanuel Makron iç üzünü nümayiş etdirdi. Görüşdən bir həftə keçməmiş "France 2" telekanalına müsahibəsində Emmanuel Makron şər, böhtan xarakterli ifadələrlə çıxış edərək sentyabr ayında Ermənistanın törətdiyi təxribata öz ərazisində cavab verən Azərbaycanın dəhşətli müharibə apardığını bildirmiş və "Fransa burdadır və vasitəçi dövlətdir, heç bir zaman Ermənistanı atmayacağıq", - deyə bəyan etmişdir.

Yalan, iftira dolu çıxışı Fransa prezidentinin səviyyəsinin göstəricisidir. Özünə hörmət qoymayan, öz yerini bilməyən dövlət rəhbəri sözsüz ki, nə öz dövlətinə, nə xalqına hörmət, ehtiram göstərə bilməz. Erməni lobbisinin xidmətçisi olan Fransa prezidentinin Rusiya Federasiyasının ünvanına "Rusiya Azərbaycan oyununu oynadı" kimi qərəzli bəyanatlar səsləndirməsi bir daha Makronun hansı səviyyəyə sahib dövlət rəhbəri olduğunu göstərir.

Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Ordusu düşməni geri oturtmuş, çoxlu sayda texnikasını və canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə, "əgər belə hadisələr yenə baş verərsə, düşmən öz cəzasını alacaq" deyən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin ərazi bütövlüyünə yönəlmiş silahlı təxribat zərərsizləşdirilmişdir. Bu dəfə də niyyətinə çata bilməyən düşmən qüvvələr alçaq əməllərini müxtəlif formalarda həyata keçirməyə cəhd göstərmişlər. Həmin günlərdə Fransada yaşayan ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə iki dəfə basqın etmiş, səfirliyin binasına girməyə çalışmışlar. Bu isə Fransada hüquq-mühafizə orqanlarının səfirliyin binasını lazımınca müdafiə etmədiyinin sübutudur.

Radikal erməni qrupları tərəfindən törədilən birinci hücumdan sonra Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı Emmanuel Makron bunun təkrar olunmayacağına vəd versə də, bu, ikinci dəfə də baş verdi. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu barədə demişdir: "Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir".

Uzun illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməsə də, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmasa da ölkə başçımızın qətiyyəti, sarsılmaz iradəsi sayəsində bu məsələ öz həllini tapdı və Azərbaycanın əbədi, əzəli torpaqları işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa olundu. Bu gün azad, müstəqil Azərbaycanın milli maraqları qətiyyətli, iradəli, uzqagörən, yüksək idarəetmə məharəti kimi yüksək keyfiyyətlərə malik müdrik siyasətçi, yenilməz dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə qorunur. Bunu bütün dünya görür.

Mehparə ƏLİYEVA,

"Respublika".