Azad Hümbətov
Sosial həyat

Azad Hümbətov

Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən zabit və qeyrətli Azərbaycan vətəndaşı kimi, Azadın ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O, ən böyük arzusunun çin olması üçün qanından və canından keçməyə hər zaman hazır idi və keçdi də...

44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılmasında  böyük  şücaət  göstərərək  canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovdur. Əslən Göyçə mahalının Daşkənd kəndindən olan Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri Nərimanov rayonunda yerləşən 291 saylı Ekologiya liseyində alıb. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib.

O, təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki "N" saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin olunur. Elə ilk günlərdən öz bacarığı və hərbi biliyi ilə bütün kollektiv arasında dərin hörmət qazanır.

2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Bundan sonra o, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunur. A.Hümbətov peşəkarlığını artırmaq üçün 2020-ci ildə Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsini alır.

Kursu müvəffəqiyyətlə başa vuran A.Hümbətov İkinci Qarabağ müharibəsində ön sıralarda gedən zabitlərdən olur.

Müharibə başlayan gündən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak etmiş və düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirmişdir. Tank taqımı komandiri olan Azad Hümbətov həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib  və dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxara bilmişdi. Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır, tankı idarə edən mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə isə onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirir. Bundan sonra Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. O, burada müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır. Azad döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir.

27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə öz bölüyü ilə geri dönən zaman düşmən tərəfindən artilleriya atəşinə məruz qalır və ağır yaralanır. Təəssüf ki, xəstəxanaya çatana qədər gözlərini əbədi yumur və şəhidlik zirvəsinə ucalır. İkinci Fəxri Xiyabanda dəfn olunur.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Hümbətov Azad Arif oğluna ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" Azad Arif oğlu Hümbətovun adı verilmişdir. Şəhid Azad Hümbətova məxsus materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda saxlanılır. 2021-ci ilin dekabrında Bakıdakı mərkəzi küçələrin biri Azad Hümbətovun adını daşıyır.

Anası Leyla Hümbətova: "Oğlumun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub. Hər bir vətəndaşımızın arzusu bu idi. Azad həmişə deyirdi ki, torpaqlarımızı işğaldan azad edib üçrəngli bayrağımızı orada dalğalandıracağam. Bu arzu oğluma canı bahasına başa gəldi, amma Azad verdiyi sözü tutdu, arzusuna çatdı. Azad əsgərlərə bildiyi hər şeyi öyrədirdi. Öz üzərində çox çalışırdı. Arzuları çox idi, amma qismət... Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

Müşfiq CƏFƏROV, 

"Respublika".