Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib
Digər xəbərlər

Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında iştirak edib.

Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, minifutbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

Nazir müavini şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb. General-leytenant N.Osmanov, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqlarını şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Sonda N.Osmanov Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanması prosesi ilə yaxından tanış olub.

AZƏRTAC