Azad edilmiş ərazilərdə dislokasiya olan bölmələrin təminatı yüksək səviyyədədir
Digər xəbərlər

Azad edilmiş ərazilərdə dislokasiya olan bölmələrin təminatı yüksək səviyyədədir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi avtomobillərin daim işlək və saz vəziyyətdə saxlanılması məqsədilə texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri yaradılır. Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun göstərilməsi üçün hər cür şərait mövcuddur.

Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil texnikalarında aşkarlanan nasazlıqlar təmir sexlərində qısa zaman ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına verilir.

Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bu məntəqələr yüksəkkeyfiyyətli yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin mövsümi tələblərə uyğun daim istismara hazır vəziyyətdə olması təmin edilir. Bundan əlavə, bu məntəqələrdə sex rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və ZT anbarı da vardır. AKB sexi akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi üçün suyun distillə olunması, AKB doldurulması və saxlanılması otaqlarından ibarətdir.

Azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

AZƏRTAC