Ayşe Keşir: İki dövlət başçılarımızın birliyimizi möhkəmləndirmək istiqamətində səylərinə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı davamlı edəcək
MÜSAHİBƏLƏR

Ayşe Keşir: İki dövlət başçılarımızın birliyimizi möhkəmləndirmək istiqamətində səylərinə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı davamlı edəcək

Burada olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda özümü evimizdəki kimi hiss edirəm. Çox isti münasibətin şahidi olduq. İki ölkə arasında mövcud olan bu dostluğun, qardaşlığın  partiyalar səviyyəsində, qadınlar arasında da olmasını istədiyimiz üçün buradayıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadınlar Birliyinin sədri Ayşe Keşir YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə partiyanın Mərkəzi Aparatında görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib. 

Görüləcək bir çox işlərin olduğunu qeyd edən Ayşe Keşir bildirib : “Biz bunun üçün çox əzmliyik. İki partiya arasında imzalanan niyyət protokolundan irəli gələn vəzifələrin icrası üçün AK Parti Qadınlar Birliyinin, qadın millət vəkillərinin üzərinə düşən missiyanın yerinə yetirilməsinə çalışırıq.   Bu isti münasibəti Bahar Muradovanın söylədiklərindən, nümayəndə heyətinə səmimiyyətindən də  hiss etdik. Bu görüşü qadınlar arasında əməkdaşlığın  başlanğıcı kimi dəyərləndiririk. Bundan sonra yenidən ölkənizdə olmaq, eyni zamanda, Azərbaycan nümayəndə heyətini ölkəmizdə görmək istərdik. Görüşlərimizdən yaranan təəssüratım belədir ki, qarşıda  görüləcək  işlərimiz çoxdur.  İki qardaş ölkənin dövlət başçılarının birliyimizi, həmrəyliyimizi qorumaq, möhkəmləndirmək üçün göstərdikləri səylərə qadınlarımızın verəcəyi töhfə əməkdaşlığımızı, birgə fəaliyyətimizi davamlı edəcək”.

AZƏRTAC