Aydın Kərimov: Şuşanın tarixi görkəminin bərpası istiqamətində ciddi addımlar atılır
MÜSAHİBƏLƏR

Aydın Kərimov: Şuşanın tarixi görkəminin bərpası istiqamətində ciddi addımlar atılır

Əziz şuşalılar, uzun müddət sürən ayrılıqdan sonra müqəddəs Qarabağ torpağına ayağınızı basdınız, doğma şəhərinizə qovuşdunuz. Ötən il Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük müharibənin sonunda möhtəşəm Zəfər qazandı və hər kəsə möcüzə kimi görünən bir döyüşlə Şuşanı azad etdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzu edirəm. Şuşalıları doğma torpaqlarında görmək həm qürurvericidir, həm də xoşbəxtlikdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Aydın Kərimov deyib: “Şuşa dirçəlir, yenidən qurulur və şəhərin abadlaşdırılması dövlətimizin başçısının xüsusi diqqətindədir. İşlər sürətlə aparılır. Siz öz doğma şəhərinizin getdikcə daha da gözəlləşməsinin və dirçəlməsinin şahidi olacaqsınız. Arzumuz odur ki, tezliklə öz doğma yurdunuza qayıdasınız. Vaqif Poeziya Günləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən Şuşada ilk yeni yaşayış kompleksinin təməli qoyulub. Orada gözəl və Şuşa memarlıq üslubuna uyğun olan evlər tikiləcək və sizlər oranın sakinləri olacaqsınız.

Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması istiqamətində ciddi addımlar atılır. Burada Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi fəaliyyətə başlayıb. Hamımız bir nəfər kimi bu işdə əlimizdən gələni əsirgəməyəcəyik”. 

AZƏRTAC