Ay vətən oğlu
Region

Ay vətən oğlu

Vətən müharibəsi şəhidi  kiçik çavuş Cəfərov Vüsal Saxləddin oğlunun Daşkəsən Şəhidlər Xiyabanında ildönümü mərasimi keçirilib. Mərasimdə  Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində şəhidin məzarı ziyarət olunub, gül-çiçək düzülüb, dualar oxunub. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov icra hakimiyyəti adından  şəhid Vüsal Cəfərovun ailəsinə başsağlığı verib, səbir diləyib. Bildirib ki, Vətən müharibəsində daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına vuruşublar. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalıb. Belə cəsur döyüşçülərimizdən biri də anım gününə toplaşdığımız Vətən müharibəsi şəhidi Cəfərov Vüsal Saxləddin oğludur.

Vüsal Cəfərov 1990-cı il martın 1-də Daşkəsən rayon Qabaqtəpə kəndində anadan olub. O, Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib. Vüsal Cəfərov 2020-ci il oktyabrın 1-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib, 2020-ci il dekabrın 18-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhid Vüsal Cəfərov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Çıxış edənlər, onunla bağlı xoş xatirələrdən söhbət açıb keçdiyi şərəfli döyüş yolundan qürurla danışıblar.                                 

Vüsal Cəfərovun xatirəsinə inşa olunan ehsan bulağının açılışında rayon icra hakimiyyətinin məsul işçisi Elmar Əliyev Şəhidimizin “Cəsur döyüşçü” medalını onun anası Zeynəb Cəfərovaya təqdim edib. Vüsal Cəfərovun atası Saxləddin Cəfərov övladının qəhrəmanlığı ilə fəxr etdiyini deyərək, təki Vətən sağ olsun söylədi.  Və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

            Zabit XƏLİLOV,

            “Respublika”.