AXC-Müsavat qruplaşmasının xəyanəti - Gəncə hadisələri
Tarix

AXC-Müsavat qruplaşmasının xəyanəti - Gəncə hadisələri

90 -cı illəri yada salsaq, o dövrdəki siyasi vəziyyətin müxtəlif xalqların tarixində əsaslı dəyişikliklər yaratdığını görmək mümkündür. SSRİ-nin dağılması bir çox dövlətin müstəqilliyini bərpa etməsi üçün zəmin yaratmış, yeni reallıqlar formalaşdırmışdır. Azərbaycan da bu cür mürəkkəb situasiyanın içində yer almaqla 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin ilk illəri gözlənildiyi kimi keçməmişdi. Ölkədə tüğyan edən xaos təsadüfi şəxslərin özbaşınalıqla 1992-ci ildə zor gücünə hakimiyyətə gəlməsi ilə nəticələnmiş, bütün sahələr iflic vəziyyətə düşmüşdü.

Xain Ermənistan, şübhəsiz o zaman da məkrli siyasətini davam etdirmişdir. Düşmənin Azərbaycana qarşı elan edilməmiş müharibəsi, ərazilərimizin vəhşicəsinə işğalı, eləcə də ölkə daxilindəki qüvvələrin dövlətimizi regionlara bölmə cəhdləri mövcud vəziyyəti getdikcə mürəkkəbləşdirmişdir. Bu faktlar nəinki xalqımızın, hətta ölkəmizin gələcəyini sual altına qoymuşdu. Əslində Azərbaycan tarixində o dövrlər müstəqillik deyil, anarxiya kimi xatırlanır. "İldırım sürəti" ilə dəyişən hakimiyyət rəhbərləri öz şəxsi mənafelərini xalqdan, milli maraqlardan üstün tutduğu üçün dövlətimiz demək olar ki, yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Çünki sözügedən hakim dairələr fəaliyyətdə olan bütün strateji infrastrukturları dağıtmış, ölkəni viran qoymuşdular. AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə malik olan Azərbaycan kimi zəngin bir dövləti uçurumun kənarına gətirmişdi. Bu qruplaşmanın xəyanəti nəticəsində torpaqlarımız düşmən tapdağı altına düşmüşdü. Bir neçə şəxsin maraqlarına xidmət edən korporativ terror qruplaşmaları hakimiyyət uğrunda mübarizəyə girmiş, xalqın malını talan etmişdi. Şübhəsiz, bu cür vəziyyət ölkəni daha bir acı sonluğa - vətəndaş müharibəsinə sürükləyirdi.

Surət Hüseynov kimi cinayətkarın "Milli Qəhrəman" adına layiq görülməsi, sıravi elmi işçinin baş nazir təyin edilməsi, texniki-peşə məktəbinin komsomol təşkilat katibi Əli Kərimlinin cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olması mövcud situasiyanın rəzilliyinin göstəricisidir. Bu zaman Azərbaycanda özbaşınalıq o qədər geniş vüsət almışdı ki, sadə institut müəllimi xarici siyasət idarəsinə başçılıq edir, "vəzifəsini dondurur", müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi Rəhim Qazıyev kimi hərb elminin əlifbasını bilməyənə tapşırılırdı. Ümumi desək, dövlət idarəçiliyindən anlayışı olmayanlar Azərbaycanı parçalamaq uğrunda əllərindən gələni əsirgəmirdilər. Əbülfəz Elçibəyin ölkəni idarəetmə bacarığının olmamasından istifadə edən Ali Sovetin sədri İsa Qəmbər, dövlət katibi Əli Kərimli kimi satqınlar da bir-biri ilə rəqabət aparır, öz mənafeləri uğrunda hərəkət edirdilər. Hətta yuxarı postları ələ keçirənlərin dəstəsi də Elçibəyin komandasında idi. Bu isə vaxtaşırı qarşıdurmaya gətirib çıxarırdı. Azərbaycandakı ayrı-ayrı qüvvələr Ermənistanın təcavüzünə qarşı birgə mübarizə aparmaq əvəzinə, ölkə daxilində çəkişmələr yaratmış, hətta xarici dairələrlə əməkdaşlıq edirdilər. Bütün bunların nəticəsində ölkədə narazılıqlar baş qaldırmışdır. Həmin vaxt Elçibəyin əmri ilə 709 saylı hərbi hissənin ləğv olunmasından sonra Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Bu zaman S.Hüseynov bir qrup milisi silanlandırmış, onları tərk-silah etmək üçün göndərilən qüvvələri məğlub etdikdən sonra paytaxt Bakıya doğru irəliləmişdi. Gəncə qiyamı siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Bunu görən Əbülfəz Elçibəy Bakını tərk etmişdi.

Ümummilli lider 1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıtdı. Daha sonra yaranmış gərgin vəziyyətlə tanış olmaq üçün Gəncəyə yollanan Heydər Əliyev vəziyyəti nəzarətə götürməyə müvəffəq oldu. Ümummilli liderimizin o zamankı fəaliyyəti xalqın bir yumruq kimi Heydər Əliyevin ətrafında birləşməsinə gətirib çıxardı. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Azərbaycan parlamentinin eyni gündə baş tutan tarixi iclasında ümummilli liderin çıxışı Azərbaycanın gələcəyinin əmin əldə olduğunu, dövlətçiliyimizin əbədi və sarsılmazlığına inamı bir daha artırdı.

Bütün bunlar deməyə əsas verir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət - Vətən mücadiləsi səciyyələndirmişdir. 1993-cü ilin iyununda başlayan bu dövr, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə dövrü kimi xarakterizə olunur. Ümummilli lider Azərbaycan xalqının arxasında dağ kimi dayanaraq ölkəni ən ağır qanlı burulğandan çıxarmağı bacardı.

Vurğulanmalı digər bir vacib məqam məhz Ulu Öndərin sayəsində siyasi varlığımızın yox olmaq təhlükəsindən xilas edilməsi idi. Bu cür çətin missiyanı gərgin şəraitdə belə yerinə yetirməyi bacaran Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşunda həlledici dönüş formalaşdırdı. Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində ölkədəki vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Bu isə özlüyündə xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək istəyini puça çıxardı.

1993-cü il oktyabrın 3-də Ümummilli Lider ölkə miqyaslı seçkilər ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin il oktyabrın 10-dan vəzifəsinin icrasına başlayan Ulu Öndərin əsas məqsədi vətəndaş müharibəsinin qarşısını almaq, Qarabağın işğal olunmuş torpaqlarını azad etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, söz azadlığı və insan hüquqlarını qorumaq idi. Ümummilli liderimizin oktyabrın 3-də Azərbaycan Parlamentinin tarixi iclasında çıxışı zamanı söylədiyi fikirlər ümumilikdə bu dahi şəxsiyyətin vətən, xalq sevgisinin təzahürü idi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Bu cür şərəfli vəzifənin öhdəsindən ancaq Ulu Öndər Heydər Əliyev gələ bilərdi. Elə də oldu, məhz Ümummilli liderimizin sayəsində Azərbaycan yox olmaq təhlükəsindən qurtuldu. Vəziyyəti təhlil etsək görərik ki, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulmuşdu: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi. Doğrudan da Azərbaycan xalqı siyasi sabitliyin yaranması prosesində yalnız Ulu öndərə etimad edirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə dövlət idarəçilik mexanizmləri yaradıldı, bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu, Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektinə çevrildi. Ulu öndərin göstərişi ilə həmçinin cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsinə başlanıldı. Ən əsas faktlardan biri təhlükəsizliyin təminatı istiqamətində nizami ordunun yaradılması idi. Düzgün İdarəetmə sistemi formalaşdırılması da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Ulu öndərin hakimiyyəti dövründə dünyanın ən nüfuzlu şirkətləri ilə neft müqavilələri imzalandı. Bu isə özlüyündə Azərbaycanın iqtisadi dirçəlişinin əsasını qoydu. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsləri sayəsində Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Bu gün müasir Azərbaycanın memarı olan Heydər Əliyevin cızdığı siyasət yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımızın atadan oğula keçmiş irsi, liderlik bacarıqları nəticəsində Azərbaycan günü-gündən inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır.

Nəzrin ELDARQIZI,

"Respublika".