Avropada ucalan bayrağımız
Siyasət

Avropada ucalan bayrağımız

25 yanvar 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağı ucaldılıb.

Qeyd edək ki, Avropa Şurası 5 may 1949-cu ildə 10 Avropa dövlətinin: Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İsveç, İtaliya, Lüksemburq, Hollandiya, Norveç və Fransanın imzaladıqları "Avropa Şurasının Nizamnaməsi"nə əsasən təsis edilib. Avropa Şurası, milli müdafiə məsələləri istisna olmaqla, Avropa cəmiyyətinin bütün mühüm məsələlərini diqqətdə saxlayır. Avropa Şurası hökumətlərarası beynəlxalq təşkilatdır. Onun üzvləri suveren Avropa dövlətləridir. İnsan hüquqlarını, parlament demokratiyasını və hüququn aliliyi prinsipini müdafiə etmək və möhkəmləndirmək, təşkilatın üzvü olan dövlətlərin sosial və hüquqi sahədəki uğurlarına əsaslanan ümumavropa razılaşmaları bağlamaq, ümumi ideya və prinsiplərin müdafiəsi və həyata keçirilməsi naminə Avropa dövlətlərinin böyük birliyinə nail olmaq, onların iqtisadi və sosial tərəqqisinə kömək göstərmək təşkilatın başlıca məqsədidir. Avropa Şurası hazırda qitədə ən yaşlı siyasi təşkilat hesab edilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 25 yanvar 2001-ci ildə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi mərasimində iştirak etmək üçün Strasburqa səfəri zamanı AŞPA-da da nitq söyləyib. Çıxışında o, Azərbaycanda demokratiya, insan hüquqları sahəsində aparılan fəaliyyət barədə geniş məlumat verib. Azərbaycan Respublikası Avropa Şurasının əsas orqanları olan Parlament Assambleyası (AŞPA) və Nazirlər Komitəsində xüsusilə fəal iştirak edib. Tam üzvlüyə qəbul olunmamışdan əvvəl Azərbaycan Parlament Assambleyasında 1996-cı ilin iyunundan xüsusi dəvət olunmuş qonaq statusu ilə təmsil olunub. Həmin statusu almamışdan əvvəl və tam üzvlüyə qədər də AŞPA Azərbaycanla bağlı müzakirələr aparıb və müxtəlif qərarlar qəbul edib. Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulub. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində - 25 yanvar 2001-ci ildə Strasburqda imzalanıb və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilib.

Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının - BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib. Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayıb.

2001-ci il aprelin 24-27-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib. 2004-cü il aprelin 28-29-da Azərbaycan Prezidenti İlham Əliyev Strasburqa səfəri çərçivəsində Avropa Şurasının bir sıra yüksəkrütbəli nümayəndələri ilə görüşüb. Səfər zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomunu və medalını təqdim edib. 2011-ci il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksəkvəzifəli şəxslər iştirak ediblər. 2005-ci il mayın 16-17-də Varşavada Avropa Şurasının üzvü olan dövlət və hökumət başçılarının III Zirvə toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib. Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonrakı dövr ərzində AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilir. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilib, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilib.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb.

Mustafa KAMAL,

"Respublika".