Avropa Xəbər Agentlikləri Alyansının yeni prezidenti seçilib
Digər xəbərlər

Avropa Xəbər Agentlikləri Alyansının yeni prezidenti seçilib

Oktyabrın 8-də Vyanada Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, assambleyada Avstriyanın APA agentliyinin icraçı direktoru Klemens Piq EANA-nın yeni prezidenti seçilib. O, növbəti iki ildə bu nüfuzlu media təşkilatına rəhbərlik edəcək. Klemens Piqin namizədliyini dəstəkləyənlərdən biri də AZƏRTAC olub.

Pandemiya səbəbindən ötən il təxirə salınan Baş Assambleya bu il AZƏRTAC da daxil olmaqla üzv agentliklərin iştirakı ilə əyani şəkildə baş tutub. Toplantıda EANA-nın iki yeni Büro üzvü də seçilib. Onlar France Press (Fransa) agentliyinin prezidenti Fabrisias Fris və FENA (Bosniya və Herseqovina) agentliyinin baş direktoru Elmir Huremoviçdir.

Baş Assambleyada koronavirusdan vəfat etmiş Bolqarıstanın BTA agentliyinin sabiq rəhbəri, tanınmış jurnalist Maksim Minçevin xatirəsi anılıb. Onun adına təsis edilən "Maksim Minçev Mükafatı" Almaniyanın DPA agentliyinə təqdim olunub.

Növbəti Baş Assambleyanın gələn ilin payızında Kiyevdə keçirilməsi qərara alınıb.

Assambleya çərçivəsində Avstriyanın APA xəbər agentliyinin 75 illik yubileyi qeyd olunub. Yubiley tədbirində Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen, parlament üzvləri, həmçinin Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin rəhbərləri və təmsilçiləri, o cümlədən AZƏRTAC-ın nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 7-də EANA-nın payız konfransı keçirilib. "Xəbər sahəsində müxtəliflik və gender" mövzusuna həsr olunmuş konfransın açılışında APA agentliyinin rəhbəri Klemens Piq, EANA-nın və Almaniyanın DPA agentliyinin prezidenti Piter Kropş çıxış ediblər. Panel müzakirələrdə xəbər agentliklərinin qadın rəhbərləri menecerlik təcrübələrini bölüşüblər. Müxtəlif agentliklərdə qadınların tutduğu mövqelər barədə nümunələr göstərilib.

EANA dünyanın ən nüfuzlu və mötəbər media təşkilatlarından biridir. Alyans öz sıralarında "Reuters", "Press Association" (Böyük Britaniya), "France Press" (Fransa), TASS (Rusiya), Anadolu (Türkiyə), EFE (İspaniya), DPA (Almaniya) və bir çox digər aparıcı xəbər agentliklərini birləşdirir.

2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın işində fəal iştirak edir.

AZƏRTAC