Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzi
Siyasət

Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzi

Avropa Parlamentinin növbəti dəfə ölkəmizə qarşı reallıqdan uzaq, böhtan dolu, qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi iddialar yer alıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərli bildirib ki, Avropa Parlamentinin erməni lobbisinin təsiri altında verdiyi qərarlar Parlamentin məhz öz əleyhinə işləyəcək: "Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsini qazandıqdan sonra tək Ermənistan, İran yox, digər ölkələr, beynəlxalq təşkilatlar da təşvişə düşdülər. Sən demə, dünyada ermənidən çox, erməni dövlətləri təşkilatları mövcud imiş. Onlar açıq-aşkar bu üç ilə yaxın müddətdə Azərbaycana qarşı tam qərəzli, böhtan xarakterli qətnamələr, bəyanatlar verməkdən yorulmadılar. O cümlədən dünyada insan haqlarından, demokratiyadan çığır-bağır salan təşkilatlardan biri Avropa Parlamentidir. Sanki bu qurum Ermənistan Parlamentinin bir hissəsinə çevrilib Ermənistan tərəfindən gələn hədyan dolu məktubları, bəyanatları tirajlayır, bunu bəyanat kimi yayır. Əvvəlcə qeyd edək ki, Avropa Parlamentinin qətnaməsi sadəcə bir kağız parçasıdır. Onun heç bir hüquqi yükü statusu yoxdur. İkinci məsələ isə odur ki, Avropa Parlamenti artıq özünü dünyada son zamanlar biabır edib yaxşı olardı ki, Avropa Parlamentinin rəhbərliyindən tutmuş bütün üzvləri istefa verərdilər. Çünki bu parlamentin rəhbəri korrupsiyada, rüşvətdə, çirkli pulların yuyulması digər cinayət məsələlərində təqsirləndirilir mən düşünürəm ki, bu, Avropa Parlamenti üçün bir üzqarasıdır. Avropanın mərkəzində yerləşən insan haqlarından, ali dəyərlərdən, demokratiyadan, söz azadlığından danışan bu psevdo-qəhrəmanlar müxtəlif təsirlər altında maddi imkanlarını artırmaq, "yardımlar" müqabilində dövlətlərə qarşı ədalətsiz qətnamələr qəbul edir, bəyanatlar verirBu təşkilat artıq beynəlxalq aləmdə korrupsiya cinayətlərinin tüğyan etdiyi bir qurum kimi tanınıb. Yunanıstanda olan qurumun vitse-prezidenti Yeva Kaylinin milyonlarla dollar korrupsiya cinayətində ittiham edilməsi buna bariz nümunədir. Erməni lobbisinin "konyak diplomatiyası"ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana hansısa məsləhətlər, bəyanatlar verməsinə Azərbaycanın qətiyyən ehtiyacı yoxdur. Əgər Avropada az-çox bu quruma inam qalıbsa, təsir altında verilən qərarlarla özünü bütün beynəlxalq aləmdə biabır edəcək".

Avropa Parlamentinin sözügedən qətnaməsinin qərəzli olduğuna heç bir şübhə yoxdur. Çünki Avropa Parlamentinin yanaşmasında ərazi bütövlüyü anlayışı ancaq Ermənistan üçün keçərlidir. Ancaq mövzu Azərbaycana gəldikdə, ərazi bütövlüyü yada düşür, insan haqları. Bəs Avropa Parlamenti Azərbaycan torpaqlarının 20 faizinin 30 il ərzində düşmən dövlətin işğalı altında olduğu, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, sərvətlərinin talan edildiyi, tarixi abidələrimizin darmadağın edildiyi dövrdə niyə dinmirdi?!

Nəzrin CAVADZADƏ,

"Respublika".