Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin daha bir təzahürü
Siyasət

Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinin daha bir təzahürü

Bu gün dünya ölkələri arasında müstəqil Azərbaycanın düşünülmüş, məqsədyönlü siyasətini dəstəkləyən, ölkəmizlə əməkdaşlıq etmək istəyən çoxlu sayda ölkələr var. Bu tendensiyanın əsasında, ilk növbədə Azərbaycanın sülh, təhlükəsizlik, heç bir ölkənin daxili işinə qarışmamaq məramında həyata keçirdiyi uğurlu xarici siyasət dayanır. Dövlətimizin bu istiqamətdə fəaliyyəti sülhsevər, humanist ölkələr tərəfindən təqdir olunur, parçalanmış dünyada əmin-amanlığın bərqərar olmasına səy göstərən dövlətlər Azərbaycanla əlaqələrini gündən-günə daha da genişləndirir. Regionda reallaşan irihəcmli layihələrin təşəbbüskarı və icraçısı olması, eyni zamanda dünyada baş verən proseslərdə ölkəmizin siyasi baxışlarının nəzərə alınması bəzi qərb dairələrini qıcıqlandırır, bunun fonunda isə anti-Azərbaycan meyilləri kəskin şəkildə güclənir.

Ölkəmizə qarşı ikili münasibət yaxın və ya uzaq keçmişimizdə hər zaman mövcud olmuş, əlverişli coğrafi mövqeyə, zəngin potensiala malik olan Azərbaycana qısqanclıqla yanaşılmış, beynəlxalq aləmə inteqrasiyasına hər vəchlə maneçilik törədilmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin dünya ölkələri ilə diplomatik münasibətlərin qurulmasına, əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin yaradılmasına xidmət edən humanist siyasətini Prezident İlham Əliyev bu gün uğurla davam etdirir. Düzgün siyasət yürüdən ölkələrlə əlaqələr şaxələndirilir, yeni dostluq münasibətləri qurulur. İşğalçılığı, müstəmləkəçiliyi dəstəkləmək, yalan, iftira, ittihamlar səsləndirməklə fəaliyyət istiqamətini müəyyənləşdirən ölkələr, təşkilatlar isə təbii ki, siyasətlərinə uyğun olmayan fəaliyyəti nəinki dəstəkləmir, eyni zamanda buna müxtəlif yollarla mane olmağa çalışırlar.

30 il ərzində ərazi bütövlüyünün pozulmasına, sərvətlərinin talan olunmasına, xalqının əziyyətlərə düçar edilməsinə baxmayaraq, Azərbaycan bu illər ərzində heç bir yanlış addım atmadan, beynəlxalq hüquqa, konvensiyaya zidd əməl törətmədən öz haqlı mövqeyini müdafiə etdi, böyük çətinliklərlə ədalətin bərpasına nail oldu. İkinci Qarabağ müharibəsini öz gücü, iradəsi hesabına qələbə ilə başa vuran Azərbaycan yalnız regionda deyil, bütün dünyada təhlükəsizliyin təmin olunması üçün əməli addımlar atdı. Görünür, dünyada sabitliyin, təhlükəsizliyin təmin olunması isə heç də bütün dövlətlərin marağında deyil. Bu, 44 günlük müharibədən sonra Avropa Parlamentinin (AP) fəaliyyətində özünü daha qabarıq şəkildə göstərdi. Belə ki, erməni lobbisinə xidmət edən Avropa Parlamenti son 3 il ərzində ölkəmizə qarşı saysız-hesabsız qətnamələr qəbul etməklə beynəlxalq aləmdə Azərbaycanın düşünülmüş siyasətinə kölgə salmağa, nüfuzuna xələl gətirməyə ciddi cəhdlər edir. 30 il hayların Azərbaycan torpaqlarını işğal etməsinə, azərbaycanlıların maddi-mənəvi irsini yer üzündən silməsinə göz yuman, səsini içinə çəkən Avropa Parlamenti 2022-ci il martın 10-da "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında" adlı qondarma qətnamə qəbul etməklə anti-Azərbaycan mövqeyini açıq-aşkar büruzə verdi. Ağ yalan, iftira dolu qətnamədə Azərbaycanın Qarabağda erməni mədəni irsini inkar və məhv etdiyi və bu hərəkətlərlə beynəlxalq hüquq normalarını pozduğu bildirilir. Qətnamənin yüksək səs çoxluğu ilə qəbul edilməsi isə acı həqiqətdir və bu ondan irəli gəlir ki, korrupsiya cinayətləri ilə köklənən və Azərbaycana qərəzli mövqe nümayiş etdirən Avropa Parlamenti ölkəmizə qarşı ədalət prizmasından yanaşan istənilən deputatı mənəvi təzyiqlərə, basqılara düçar edir. Təbii ki, belə olan halda haqq-ədaləti deyil, öz təhlükəsizliyini qoruyan parlament üzvləri də istər-istəməz belə qətnamələrin qəbul edilməsinə etiraz bildirmirlər. Bu il yanvarın 18-də Avropa Parlamentinin Azərbaycanı Ermənistana qarşı hərbi təcavüz ilə ittiham edən daha bir qətnamə qəbul etməsi parlamentin əsl mahiyyətinin, üzdəniraq siyasi fəaliyyətinin göstəricisidir. Bütün bunlarla AP-nin əksər deputatlarının Kasper Karapetyanın dirijor çubuğu ilə idarə olunması bir daha öz təsdiqini tapır. Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan qətnamə qəbul etməsi regionda uzunmüddətli sülhü təhdid etməklə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasına imkan verməməyə və Hayastanda revanşist ünsürləri aktivləşdirməyə xidmət edir. Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün təmin olunması, iki ölkə arasında münasibətlərin normallaşması prosesinə göstərdiyi təşəbbüsləri heçə endirir. Ermənistanın işğalçı siyasətinə dəstək vermək, Azərbaycanın dünyada tolerant, sülhsevər, humanist ölkə kimi formalaşan imicinə xələl gətirmək, uğurlu fəaliyyətinə mənfi təsir göstərmək missiyasını Avropa Parlamenti "uğurla" həyata keçirir.

Ermənistanın və erməni lobbisinin "konyak diplomatiyası"ndan yaxşıca faydalanan Avropa Parlamenti yaxın günlərdə növbəti qərəzli, anti-Azərbaycan xarakterli, ədalətsiz, əsassız, reallıqdan tamamilə uzaq qətnamə qəbul etməyə hazırlaşır. Qətnamənin layihəsinin ilkin mətnində guya Azərbaycanın Ermənistana hərbi təcavüzü, Laçın yolunun blokadaya alınması, cəhənnəmə vasil olmuş keçmiş Minsk qrupu, Azərbaycan ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına "status" verilməsi və s. məsələlər yer alıb. AP tərəfindən hazırlanan qətnamə layihəsi əvvəlkilərdən heç nə ilə fərqlənmir. Bu da hazırda AP-nin erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe sərgiləyən bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkan olduğundan xəbər verir

2020-ci ilin mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edən ölkə başçımız İlham Əliyev hər zaman Azərbaycana qarşı ədalətsiz mövqedə dayanan, şər-böhtan xarakterli qətnamələri ilə gündəmdən düşməyən, müasir səlibçilərə çevrilən Avropa Parlamenti barədə demişdir: "...Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Ancaq bildirməliyəm ki, belə meyillər bizə qarşı bu gün də müşahidə olunur".

Bu gün AP-nin azərbaycanofob, türkofob mövqeyinin əyani şəkildə təzahürü olan daha bir qətnamə layihəsi hazırlaması onu deməyə əsas verir ki, bu, üzdəniraq parlamentin deputatlarının əksəriyyəti islamofob, irqçi mövqe nümayiş etdirir, Ermənistan-Azərbaycan münasibətlərinə də məhz xristian həmrəyliyi prizmasından yanaşırlar. Bu, Parlamentin 30 il işğal altında qalmış Azərbaycan torpaqlarında maddi-mənəvi irsin tamamilə məhv edilməsinə, azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına, öz doğma yurd yerlərindən qovulmasına, ermənilərin işğal etdikləri əraziləri minaladıqları səbəbindən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın mina terroru ilə üzləşməsinə və bunun nəticəsində 300-ə yaxın azərbaycanlının minaların qurbanı olmasında öz əksini tapır.

Azərbaycanın silahlı qüvvələrini "Ermənistan ərazisindən" çıxarmağa çağıran Avropa Parlamenti 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın müddəalarına əməl etməyən, silahlı quldur dəstələrini Azərbaycan ərazilərində qanunsuz şəkildə saxlayan, Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olan, o cümlədən bu günə qədər 8 Azərbaycan kəndini hələ də işğal altında saxlayan Ermənistana gözün üstdə qaşın var deməməsi antitürk, anti-Azərbaycan mövqeyinin göstəricisidir.

Bəli, Prezident İlham Əliyevin dediyi kimi, Avropa Parlamentinin qəbul etdiyi hər hansı bir qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Birinci ona görə ki, AP Avropadakı erməni lobbisinin təsiri altında fəaliyyət göstərir və bu parlamentdə fikir azadlığı, plüralizm, Qərb dəyərləri tamamilə iflasa uğrayıb. Lakin parlamentdə cəm olan, radikal ermənipərəst deputatların ölkəmizin əleyhinə qətnamələr qəbul etmələri, hadisələrə ədalətsiz yanaşmaları Ermənistanı yeni təxribatlara sövq edir. Bu baxımdan, regionda Ermənistan tərəfindən yenidən təxribatlar törədiləcəyi təqdirdə isə baş verəcəklərdən Ermənistanla yanaşı, onu bu əməllərə istiqamətləndirən Avropa Parlamenti də məsuliyyət daşımalı olacaq.

İşğalçı ölkənin maraqlarını qoruyaraq özünü nüfuzdan salan Avropa Parlamentinin heç bir qətnaməsi isə müstəqil siyasət yürüdən, regionda söz sahibi olan Azərbaycanı öz ədalətli mövqeyindən, haqq yolundan döndərə bilməz...

Mehparə ƏLİYEVA,

"Respublika".