Avropa Parlamentində ermənilərin çirkin planları
Siyasət

Avropa Parlamentində ermənilərin çirkin planları

Ötən il futbol üzrə dünya çempionatının təşkilatçısı olan Qətərdən böyük məbləğdə pul vəsaitinin alınması ilə Avropa Parlamentinin qərarlarına təsir etmək cəhdində təqsirkar bilinərək saxlanılan Avropa Parlamentinin vitse-prezidenti Eva Kayli və digər beş nəfərin korrupsiya qalmaqalı Avropanı təşvişə salmışdı. Təsadüfi deyil ki, Belçika prokurorluğunun həbs etdiyi sədr müavini Eva Kayli həm də Avropa Parlamentindəki "Ermənistanla dostluq qrupu"nun üzvüdür. Bu qrup uzun müddət "çirkli pulların yuyulmasında" erməni əsilli milyarderlər tərəfindən maliyyələşdirilmiş və Avropa Parlamentində xüsusi ermənipərəst mexanizmin yaradılmasında əsas pay sahibidir. Erməni lobbi qrupları bu çərçivədə xüsusi fəallıq göstərirlər. Belə ki, Natali Luazonun başçılığı ilə Avropa Parlamentinin 30-a yaxın deputatının "Dağlıq Qarabağdakı vəziyyət"lə bağlı müzakirələr keçirmək təşəbüsünü irəli sürməsi bu fəallığın göstəricisidir. Hətta bu məqsədlə onlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Aİ-nin Ali nümayəndəsi Cozep Borrelə müraciət də ünvanlamışlar.

Bütün bunlar son illər öz fəaliyyətində yetərsiz olan Avropa Parlamentinin qərəzli iş prinsipinə aydınlıq gətirir. Təkcə Avropa məkanında yox, həmçinin Mərkəzi Asiya və Qafqazda regional məsələlərin maddi maraqlar zəminində Avropa Parlamentinə çıxarılması sirr deyil. Belə ki, Avropadakı ermənipərəst tərəfdaşların maliyyələşdirilərək Ermənistanın maraqlarına xidmət etməsi korrupsiya aktını əvvəllər də göstərirdi. Eləcə də Rusiya Dövlət Dumasının əməkdaşı Sarqis Mirzəxanyanın elektron məktublarının internetə sızdırılması və erməni piarçının korrupsiya sxeminin ilk dəfə İtaliyada həyata keçirilməsinin sübutu vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Mirzəxanyan öz korrupsiya şəbəkəsinə erməni oliqarxları, hətta öz anasını da cəlb etmişdi.

Bir vaxtlar Qarabağdakı cinayətkar rejimin keçirdiyi qondarma "referendum"dan sonra qanunsuz olaraq ərazimizə gələn bir qrup şəxslə, Avropa Parlamentinin 3 deputatının - Yaromir Ştetina (Çexiya), Frank Engelin (Lüksemburq) və Eleni Teoxarusun (Yunan Kipri) məqsədi bəlli idi. Həmin zaman siyahıda Eleni Teoxarus ilə bağlı rəsmi Bakının açdığı cinayət işi bölgədəki yolsuzluğun Avropaya çatdırılması məqsədini daşıyırdı. Bu barədə İnterpola göndərilən sorğu barədə də ictimaiyyət məlumatlıdır. Məsələ burasındadır ki, bu siyahıya daxil olanların heç biri Qarabağa səfərinin Ermənistan tərəfindən maliyyələşdirildiyini etiraf etməkdən belə çəkinmirlər. Bu fakt isə Avropa Parlamenti üzvünün etik davranış qaydasını kobud şəkildə pozması və şəxsi maraqlara yol verməsi deməkdir.

Eleni Teoxarusun siyasi baxışları onun erməni lobbisi ilə olan əlaqələrini təsdiq edir. Radikal millətçi deputat çıxışlarında "Kipr Respublikasını xilas edək" şüarı altında fəaliyyət göstərir və əsas hədəfi anti-Türkiyə istiqamətində fəaliyyətdir. Parlament üzvlərinin Avropa Komissiyasına yazılı suallarla müraciət imkanlarından sui-istifadə edən Teoxarusun Komissiyaya müzakirə mövzusuna çevirdiyi sualların əksəriyyəti Türkiyə əleyhinə olub. Ermənilərin Türkiyəyə, eləcə də bütün türklərə olan barışmaz düşmənçilik mövqeyini müdafiə edən Avropa Parlamenti üzvünün bu siyasi baxışları onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrini təsdiq edir. Qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus kimi Avropa Parlamentinin nümayəndələri qanunun aliliyinə hörmət etmir və həmçinin təmsil etdiyi qurumun mövqeyini korrupsiya ilə ləkələyir və erməni lobbisinin, diasporunun siyasətini həyata keçirirlər.

Parlamentarilərdən Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə həyata keçirilən səfərlər və onların maliyyələşməsi barədə AP-a müvafiq açıqlama verilməsi tələb olunmalıdır. Söhbət Avropa Parlamentinin tamhüquqlu üzvündən gedirsə, hər birinin fəaliyyəti yoxlanılmalı, lazım olan tədbirlər görülməlidir. Avropa Parlamenti də yaxşı bilir ki, erməni korrupsiyasının bu kimi platformada hallanması beynəlxalq nüfuzun azalması deməkdir. Bu isə nəticə etibarilə Avropa dəyərlərinin, qanunun aliliyinin və insan hüquqlarının əsas keşikçisi olan Avropa Parlamenti kimi bir təşkilatın şəffaflığına ləkə gətirir.

Nurlan ABDALOV,

"Respublika".