Avropa İttifaqının gərəksiz missiyası
Digər xəbərlər

Avropa İttifaqının gərəksiz missiyası

Qarabağ müharibəsindəki qələbəmizdən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq,  hələ də beynəlxalq təşkilat və qurumlardan Qarabağ bölgəsinə heç bir faktaraşdırıcı missiya göndərilməyib.  Ermənistan Qarabağ torpaqlarını işğal etməklə yanaşı, yeraltı-yerüstü təbii sərvətlərimizi də talayıb. Bölgədə olan bütün binaları,  infrastrukturu ya dağıdıb, ya da söküb daşıyıb. Azərbaycan istər işğal dövründə,  istərsə də işğaldan sonra ən çox əziyyət çəkən tərəfdir. Belə ki, ermənilər bölgədə bir dənə də olsun mədəni, tarixi abidəni, binanı salamat buraxmayıblar. Dini abidələrimizi, məscidlərimizi ya bilərəkdən dağıdıb, donuz tövləsinə çevirərək təhqir ediblər, ya da baxımsızlıqdan uçub,  məhv olub. Lakin bir dəfə də olsun bu ərazilərə hansısa beynəlxalq təşkilatların, dövlətlərin faktaraşdırıcı missiyası gəlməmişdir. Azərbaycan tərəfi dəfələrlə UNESCO kimi təşkilatları əraziyə dəvət etsə də, heç bir nəticəsi olmayıb.

Ancaq sadaladığımız təşkilatlar Ermənistana qarşı başqa münasibət göstərirlər. Belə ki, Avropa İttifaqının xarici işlər nazirləri Qafqazda nizamlanmanın təşviqi üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında deyilir. "Aİ Şurası Aİ-nin Ermənistanda Mülki Missiyasının (EUMA) yaradılması ilə bağlı razılığa gəlib. Onun vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdan ibarət olacaq".

Yanvar ayının 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda bir günlük səfərdə olub. Bu haqda məlumat verən T.Klaar "Laçın dəhlizi ətrafında vəziyyət kifayət qədər ciddidir və təcili həll yolları tapılmalıdır", - deyə qeyd edib. Ermənistanın müdafiə naziri Suren Papikyan isə vəziyyətdən narahat olduğunu vurğulayaraq  bildirib ki, biz son regional hadisələri müzakirə etdik. Ümid edirik ki, Nazirlər Komitəsinin iclasında Aİ-nin yeni mülki müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsi ilə bağlı qərar qəbul ediləcək.

Onu da qeyd edək ki, hələ yanvar ayının 17-də Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə 2 il müddətinə 200 nəfərdən ibarət  missiya göndərmək niyyətində olduğunu bildirmişdir. Hətta bu qərar ermənilərin sevincinə səbəb olmuşdur. Ötən il oktyabr ayında Ermənistan-Azərbaycan sərhədinə göndərilən 40 nəfərlik qrupdan fərqli olaraq,  bu dəfəki  missiyanın bütün Ermənistan ərazisini əhatə edəcəyi qeyd olunub. Maraqlıdır, Ermənistan-Azərbaycan sərhədinə gələn missiya nəyi araşdıracaq? Əgər sərhədlər hələ məlum deyilsə,  onlar nəyin monitorinqini aparacaqlar?

Artıq Azərbaycan Avropa İttifaqı Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına kəskin etirazını bildirib. Azərbaycan dövləti belə bir fəaliyyətin sırf ikitərəfli əsasda həyata keçirilməli olan sənədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədi daşıdığına dair öz qəti mövqeyində qalır. Fransa isə Avropa İttifaqının Ermənistandakı yeni mülki missiyasında iştirak etməyə hazır olduğunu bəyan edib. Bu barədə açıqlama verən Fransa xarici işlər naziri Ketrin Kolonna "bu, çox mühüm qərardır və Fransa bu Avropa missiyasında iştirak etməkdən məmnun olacaq", - deyə bildirib.

Fransa bir məsələni unudur ki, əgər, söhbət Azərbaycanla sərhəddən gedirsə, o zaman burada Azərbaycanın razılığı olmadan nəsə etmək mümkün deyil. Ölkə başçısı İlham Əliyev məsələ ilə bağlı açıqlamasında missiyanın Bakı ilə razılaşdırıldığını vurğulayıb: "Siz bunu necə uzadacaqsınız? Siz axı missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?". Anlaşılan odur ki, Avropa İttifaqı Azərbaycan dövləti ilə anlaşmağa meyilli deyil. Əgər, söhbət sərhədlərimizdən gedirsə o zaman, rəsmi Bakının razılığı olmadan hansısa addımın atılması mümkünsüzdür. Yox, əgər, bu baş verərsə, o zaman münasibətlər daha da gərginləşər.

Ramidə YAQUBQIZI,

"Respublika".