Avropa İttifaqı və ÜST koronaviruslu xəstələrin müalicəsində istifadə olunan avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib
Səhiyyə

Avropa İttifaqı və ÜST koronaviruslu xəstələrin müalicəsində istifadə olunan avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib

Oktyabrın 12-də Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kanyula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagent Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib. Bundan əlavə COVID-19 hallarının müşahidəsində istifadə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün gərəkli proqram təminatı Səhiyyə Nazirliyinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu ləvazimat və avadanlıqlar Aİ maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən "Sağlamlıq üçün həmrəylik təşəbbüsü" layihəsi çərçivəsində ölkəyə gətirilib.

COVID-19 pandemiyası bütün dünya üçün böyük bir bəlaya çevrildiyini deyən səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, heç bir ölkənin səhiyyə sistemi buna təkbaşına tab gətirə bilməzdi. Ona görə bu pandemiya ilə mübarizədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Vaxtında göstərilən yardım qiymətsizdir. Azərbaycan COVID-19 ilə mübarizədə kifayət qədər işlər görüb. Yeni müəssisələr yaradılıb, səhiyyənin maddi-texniki bazası gücləndirilib, fərdi mühafizə vasitələrini istehsal edən müəssisələr fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dünyada və regionda vaksinasiya proqramına başlayan ilk ölkələrdən biridir. Bu sahədə işlər sürətlə davam etdirilir.

Azərbaycanda vaksinasiya prosesi yüksək səviyyədə həyata keçirildiyini söyləyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko qeyd edib ki, pandemiya yalnız bir ölkəni yox, bütün dünyanı öz cənginə alıb. Ona görə dünya ölkələrinin bu sahədə əməkdaşlığı çox vacibdir. Azərbaycan hökumətinin bu istiqamətdə göstərdiyi səylər təqdirəlayiqdir. "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində göstərilən yardım paketi regionun 6 ölkəsini əhatə edir. Azərbaycan da buraya daxildir.

ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı diqqətə çatdırıb ki, sentyabrdan etibarən koronavirusa yoluxma sayları azalır. Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur. Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir.

"ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibb işçilərini qoruyan ləvazimatlar Azərbaycana gətirilib. Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik", - deyə Hande Harmancı bildirib.

Qeyd edək ki, 2020-ci il martın 27-də Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib. Daha əvvəl "Sağlamlıq üçün həmrəylik təşəbbüsü" çərçivəsində 2020-ci ilin iyul, sentyabr və dekabr aylarında tibb işçiləri üçün fərdi qoruyucu vasitələr və pasiyentlərin müalicəsində istifadə edilən tibbi ləvazimatlardan ibarət 4 yük Azərbaycana təhvil verilib.

AZƏRTAC