Avropa İttifaqı ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir 
Siyasət

Avropa İttifaqı ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir 

Bu təşkilat üçün ölkəmiz Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir

Avropa İttifaqı üçün Azərbaycan mühüm rola malidkir. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

2006-cı ildə imzalanmış enerji sahəsində Strateji  Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın təməlidir. Azərbaycan - Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışlar.

Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına çatdıran və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində çox əhəmiyyətli rola malik uğurla həyata keçirilmiş qlobal strateji layihədir. 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasəti, 2009-cu ildə isə təşkilatın Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına qoşulmuşdur.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Protokol 6 iyul 2016-cı ildə Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.

2015-ci ilin may ayında Şərq Tərəfdaşlığı üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim etmişdir. Azərbaycan və Aİ sözügedən Saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurmuşdur və Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat vermişdir.

Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir. Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycana 33 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycan da öz növbəsində Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına 15 milyard dollardan çox yatırım edib. Avropa İttifaqı ölkələri şirkətlərinin sayı ilbəil artır. Bu gün Azərbaycanda Aİ-yə üzv ölkələrə məxsus 1600-ə yaxın şirkət fəaliyyət göstərir. Göründüyü kimi, ikitərəfli əlaqələr özünün yüksək səviyyəsinə qalxıb. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Bu və digər istiqamətlərdə yaradılan cəlbedici biznes mühiti həmin nüfuzlu qurumla əməkdaşlığı daha da möhkəmləndirib.

Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır və Aİ-nin bu regionda ticarətinin 78 faizi məhz ölkəmizin, Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi isə Avropa İttifaqı ölkələrinin payına düşür. Ticarətin gücləndirilməsi üçün daha ciddi addımlar atılır. Ticarət dövriyyəsindəki artımın daha da çoxaldılması məqsədilə ticarət strukturunun artırılması prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çünki Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur. 2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Azərbaycan - Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır.

Respublikamızın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir.

Cənubi Qafqaz və Orta Asiya regionunun iqtisadi yüksəlişi bilavasitə Azərbaycanla bağlı olduğundan təşkilata üzv dövlətlər ölkənin geosiyasi əhəmiyyətini yüksək dəyərləndirirlər. Ötən ayın axırlarında Avropa İttifaqının mandatı əsasında Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirlərinin, xüsusi nümayəndə və təşkilatın xarici əlaqələr xidmətindən olan rəsmilərin ölkəmizdə səfərdə olması cari ilin may ayında Lissabon şəhərində keçirilmiş Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü zamanı aparılmış müzakirələrin nəticəsidir. Həmin görüş Rumıniyanın təşəbbüsü ilə keçirilib və gündəliyə regional münaqişələr mövzusu da daxil olunub. Sözügedən görüşün sonunda qərara alınıb ki, Avropa İttifaqı regionla daha yaxından məşğul olmaqla, münaqişələrin həllində iştirak etsin, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflərin razılığı olduğu təqdirdə postmünaqişə dövründə inkişaf proseslərinə cəlb olunmaq istiqamətində səylərini artırsın. Buna diqqət çəkən Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bəyan edib ki, bizim burda olmağımızın məqsədi regionun sabitliyi və təhlükəsizliyinə güclü dəstək mesajını vermək, habelə cənab İlham Əliyevin qeyd etdiyi kimi münaqişədən sonrakı dövr üçün qarşıda duran bütün məsələlərin müfəssəl həlli istiqamətində nə kimi dəstəyin göstərilə biləcəyini nəzərdən keçirməkdir. Bu səfər cari ilin sonunda keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıq məqsədi daşıyır. Azərbaycan regionda Avropa İttifaqının ən iri ticarət tərəfdaşıdır və Avropa İttifaqının ən çox sərmayə yatırdığı ölkədir. Avropa İttifaqı üçün Azərbaycan Cənubi Qafqazın sabitliyi və firavanlığı baxımından böyük əhəmiyyət kəsb edir.

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin fikrincə, Azərbaycan Ai-nin güclü tərəfdaşıdır. Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları böyükdür. Aİ rəsmisi qeyd edir ki, Azərbaycanla əlaqələrin inkişafı məsələləri təşkilatın maliyyə yardımı nöqteyi-nəzərindən deyil, məhz əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi prizmasından qiymətləndirilir. Buna görə də Aİ Azərbaycana tam fərqli münasibət nümayiş etdirir. Avropa İttifaqı komissarı müharibənin nəticələrinin tam qəbul edildiyinə istiqamətlənmiş “postkonflikt” mərhələdən danışır. Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün yaranması istiqamətində işləməyə hazır olduğunu bəyan edir.

Şükür ƏLİZADƏ,

“Respublika”.