Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır
Siyasət

Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır

Azərbaycanın kifayət qədər təbii qaz ehtiyatları var. Azərbaycan Türkiyə bazarına ənənəvi təbii qaz tədarükçüsüdür və gələcəkdə ikitərəfli münasibətlər daha da genişlənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə bildirib.

Qeyd edib ki, Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi həllini tapıb. Hazırda Türkiyə vasitəsilə Balkan ölkələrinə qazın çatdırılması üçün hazırlıq işləri gedir. Tranzitlə bağlı hər hansı xüsusi sənədin imzalanmasına ehtiyac yoxdur. Çünki vaxtilə bununla bağlı müvafiq sənədlər imzalanıb.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson deyib: "Avropa İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır. Bizim Azərbaycanla enerji sahəsində əlaqələrimiz çox güclənir. Azərbaycan bizim etibarlı, eyni zamanda, etimad göstərdiyimiz tərəfdaşımızdır. Biz Azərbaycanda enerji sahəsinə sərmayələr yatırırıq. Enerji sabitliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin böyük rolu var".

Avropa İttifaqı qarşıdakı illərdə Azərbaycanın qaz təchizatının həcmini iki dəfəyə qədər artırılmasını gözləyir.

O qeyd edib ki, bu gün keçirilən tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, istixana qazlarının atmosferə atılmasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı. Hesab edirəm ki, Məşvərət Şurası çərçivəsində çox yüksək səviyyədə iclasımız oldu.