Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz
Digər xəbərlər

Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz

Ölkəmizin təşəbbüsü ilə reallaşan Zəngəzur dəhlizi də daxil olmaqla  regionda bütün kommunikasiyaların açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək

Cənubi Qafqaz Asiya ilə Avropa arasında tarixi ticarət yollarının kəsişmə nöqtəsində yerləşir. Orta Dəhliz adlandırılan layihəyə diqqətin artması ilə Cənubi Qafqazda nəqliyyat şəbəkələrinin inkişafı daha aktual və cəlbedici olur.

İkinci Qarabağ müharibəsinin başa çatması ilə yeni nəqliyyat və regional iqtisadi əlaqələrin bərpa olunması imkanları xeyli genişlənib.

Bunun nəqliyyat və logistikanın səmərəliliyinin əhəmiyyətli dərəcədə artmasına, avtomobil nəqliyyatına alternativ olaraq dəmir yolu nəqliyyatının daha geniş yayılmasına, yük və sərnişin daşımalarının artırılması və istixana qazı emissiyalarının qarşısının alınması ilə yanaşı, həm də yüklərin idarə edilməsi və logistika kimi nəqliyyatla əlaqəli sektorlarda Cənubi Qafqaz üçün yeni iqtisadi imkanların yaranacağına səbəb olacağı gözlənilir.

Orta Dəhliz regional dövlətlərin və digər maraqlı tərəflərin səyləri nəticəsində əhəmiyyəti artan dinamik marşrut olmaqda davam edir. Multimodal nəqliyyat marşrutuna Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa və Çinlə birləşdirən limanlar, dəmir yolları və avtomobil yolları daxildir. Dəhlizin inkişafını təşviq etmək üçün onun xidmət göstərdiyi ölkələr 2017-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutları Assosiasiyasını yaradıblar, infrastrukturun təkmilləşdirilməsi isə bu ticarət dəhlizinin iqtisadi səmərəliliyini artıraraq, əlaqəni yaxşılaşdırmağa və malların daşınmasını sadələşdirməyə davam edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (və ya Orta Dəhliz) Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.

Bu yaxınlarda Bakıda Türkiyə, Azərbaycan və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Nazirlər regional əməkdaşlıq məsələlərinə və Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf potensialına xüsusi diqqət yetiriblər. İclasın yekununda Bakı Bəyannaməsi imzalanıb və Orta Dəhlizdən tam istifadə ilə bağlı praktiki məsələlərin həlli üçün nəqliyyat üzrə idarələrarası İşçi Qrupu yaradılıb. Nazirlərin toplantısından sonra, iyunun 29-30-da Nəqliyyat və Rabitə üzrə Azərbaycan-Türkiyə İşçi Qrupunun ilk iclası keçirilib. Tərəflər 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsini 4,6 milyard dollardan 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Daşkənd şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika, xüsusilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib.

"Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyinin sualını cavablandırarkən demişdi. Dövlət başçısı bildirmişdir ki, bu gün biz kommunikasiyaların açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik: "Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli İşçi Qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər...".

Son illərdə Azərbaycan Gürcüstan və Türkiyə ilə Özbəkistanın istifadə edə biləcəyi Bakı-Tbilisi-Qars dəmir yolu kimi möhkəm infrastruktur qurmaqla Qafqazın əlaqə imkanlarını artırmaq üzərində işləyir. Daşkənd cənuba (Özbəkistan-Əfqanıstan-Pakistan) və qərbə (Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə) alternativ tranzit marşrutlarını fəal şəkildə araşdırır. Məhz buna görə də Özbəkistan rəsmiləri bu yaxınlarda Ələt limanının imkanlarını yoxlayıb və Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizində maraqlı olduqlarını bildiriblər. Orta Dəhliz adətən Türkiyə-Gürcüstan-Azərbaycan marşrutunun Qazaxıstana uzanması kimi başa düşülsə də, Daşkənd alternativ təklif etməyə hazırdır. Türkmənistan və Xəzər dənizi vasitəsilə Qafqaza birləşdirilə bilən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunu bu qədər vacib edən onun tam reallaşdıqdan sonra Çin və Avropa arasında ən qısa marşrut kimi meydana çıxa bilməsi və Orta Dəhlizin bütün iştirakçı ölkələrinin strateji əhəmiyyətinə yeni impuls əlavə etməsidir. Bəzi hesablamalara görə, yeni dəhlizlə yük daşınması Qazaxıstandakı Xorqos dəmiryolu vasitəsilə mövcud olandan 295 kilometr qısa olacaq. Getdikcə genişlənən Azərbaycan-Özbəkistan əməkdaşlığı ilə yanaşı, Daşkənd rəsmiləri türkmənistanlı həmkarları ilə əlaqələri də intensivləşdiriblər.

"Bir kəmər, Bir yol" layihəsində Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyəyə və Avropaya uzanan Orta Dəhliz aktuallaşdı. Mərkəzi Asiya ölkələri arasında yaxınlıq və Azərbaycanın mövcud infrastrukturu Orta Dəhlizin perspektivini artırırdı. İqtisadi təhlillərlə bu barədə verilən məlumatlarda qeyd olunur ki, Bakı bu geosiyasi dəyişikliyi düzgün dəyərləndirdi və Qarabağ məsələsini həll etməklə Orta Dəhlizin əhəmiyyətini artırdı. Müharibədən sonra Azərbaycanın regionda təklif etdiyi altılıq platforması məhz Şimal və Cənub dəhlizlərinin Azərbaycan üzərində Orta Dəhlizlə birləşməsi, Cənubi Qafqazda habın yaradılması məqsədinə xidmət edir. Zəngəzur dəhlizi bu habda açar rolunu oynayır və Azərbaycan üçün ikinci Qərb qapısıdır. Cənubi Qafqazın inkişaf perspektivləri yeni mərhələyə keçmək üzrədir. Artıq bunun ilkin əlamətləri də nəzərə çarpmağa başlayıb. Və indi bu regionu hansı gələcəyin gözlədiyini daha aydın təsəvvür etmək mümkündür. Onu da qeyd edək ki, bu önəmli siyasi-iqtisadi mərhələ yalnız bölgənin gələcək taleyini müəyyən etməklə qalmayacaq. Eyni zamanda, ətraf regionların iqtisadi inkişaf perspektivlərinin yenilənməsində də həlledici faktor rolunu oynayacaq. Və bu baxımdan, Cənubi Qafqazın artıq Orta Asiya ölkələri üçün də dünyaya açılan inkişaf pəncərəsinə çevrilməkdə olduğunu düşünmək olar.

Cənubi Qafqazın strateji-coğrafi əhəmiyyəti yalnız bunlarla məhdudlaşmır. Bu sıraya türkdilli dövlətlərin ortaq maraqları baxımından açılan perspektivlərə də xüsusi diqqət yetirmək lazımdır. Məhz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz fikirlərini açıqlayıb. "Biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq", -deyən Prezident İlham Əliyev bu məsələnin strateji əhəmiyyətini də xüsusi olaraq vurğulayıb: "Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər, xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır". Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin Türk dünyası üçün strateji əhəmiyyətinə və iqtisadi perspektivlərinə həssas yanaşdığını da qətiyyən gizlətməyib: "Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək. Eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər". Bununla Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılması ilə çox böyük dəyişikliklərin reallığa çevriləcəyinin açıq mətnlə mesajını verir. Türkiyə və Azərbaycan arasında Ermənistanla normallaşma prosesinin müzakirə edildiyini bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, eyni zamanda Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin sürətlənməsini istəyirik. Bunun üçün Zəngəzur dəhlizi əsas məsələdir. "Tezliklə dəhlizin açılmasının tərəfdarıyıq. Ukrayna müharibəsindən sonra orta dəhliz strateji önəm qazanıb", -deyə XİN başçısı vurğulayıb.

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana baş tutan rəsmi səfəri ciddi və tarixi qərarlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirir: "... ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq...". Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq marşrutdur və yaxın 5 ildə ən strateji layihələrdən biri kimi Qərblə Şərq arasında çoxmilyardlı platformaya çevrilə bilər. Hələ də davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhliz müvəqqəti az əhəmiyyətli görünür. Amma müharibədən sonra tranzit yükdaşımaların həcmi artacaq və Asiyadan Avropaya yükdaşımalar əsasən xammal sektorunun payına düşəcək. Yükdaşımalarda enerji sektorunun payı ən yüksək həddə çatacaq. Kasım-Jomart Tokayev 2022-2025-ci illəri əhatə edən nəqliyyatın şaxələndirilməsi layihələrinə təxminən 20 milyard dollarlıq paket elan edib. Digər tərəfdən, Orta Dəhlizin pozitiv perspektivlərini nəzərə alan Azərbaycan ciddi dəstəkləyəci addımlarla bu projenin tarixi və qlobal əhəmiyyətini görür. Şərq-Qərb aşağı dəhliz, Şərq-Qərb yuxarı dəhliz, Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə Orta Dəhlizin ən strateji nöqtələrindən biri Azərbaycan hesab olunur. Qazaxıstanla imzalanan Bəynanamə Avropa İttifaqının Azərbaycanla daha sıx işləməsinə, ölkənin Qərbə inteqrasiya prosesinə misilsiz töhfə vermiş olacaq. Bu məsələdə Qazaxıstan təkcə ticarət tərəfdaşı kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. Preizdent İlham Əliyev daha sonra qeyd edir: "Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq...".

Bütün bunlar belə deməyə əsas verir ki, bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsi formalaşır. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən böyük əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında mühüm rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqişənin başa çatdığını təsdiq edən 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda icra olunması nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir.

Mustafa KAMAL,

"Respublika".