Avropa Gənclər Yay Olimpiya Festivalı: möhtəşəm dostluq və həmrəyliklə  zirvəyə
İdman

Avropa Gənclər Yay Olimpiya Festivalı: möhtəşəm dostluq və həmrəyliklə  zirvəyə

Bakıda keçirilən bu mötəbər yarış bir daha sübut etdi ki, idman insanları birləşdirməkdə böyük gücə malikdir

2019-cu il iyulun 21-də Azərbaycanın paytaxtı Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə  Azərbaycan Prezidenti cənab İlham Əliyev  iştirak edib. Möhtəşəm tədbir müasir memarlıq incilərindən sayılan “Kristal zal”da təşkil edilmişdi. Xatırlatmaq yerinə düşər ki, ilk Avropa Oyunlarının bir sıra yarışları, Dünya Şahmat Olimpiadası, “Avroviziya” mahnı müsabiqəsi kimi nüfuzlu beynəlxalq tədbirlərin də ünvanı məhz bu gözəl məkan olmuşdu.

“Avropa Gənclər Yay Olimpiya Festivalı – “Bakı-2019”-un hər bir iştirakçısı ümid edir ki, getdiyi yol onu qələbəyə aparır. Qoy doğma evimizi xatırladan Çörək, məqsədə çatdıran Alov, əcdadların güc və müdrikliyini verən Kitab, sülh və sevgi rəmzi Xarıbülbül həmişə onlarla olsun. O zaman zəfər rəmzi sayılan Zeytun budağı başlarının tacı olacaq”. Açılış mərasimində tamaşaçılara təqdim olunan bu möhtəşəm bədii musiqili kompozisiyanın görüntüləri hələ uzun müddət yaddaşlardan silinməyəcək. Milli mədəniyyətimizin  çalarları ilə zəngin, bu möhtəşəm proqram dünyanın nüfuzlu  televiziya və media qurumlarının aparıcı mövzusunun manşeti olmuşdu. Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi talismanları cırtdan və bəbir gözəl ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksəksəviyyəli çoxnövlü idman tədbiri zamanı zirvələrə doğru hazır olmuşdular. Avropa Gənclər Yay Olimpiya Festivalı “Bakı-2019”-un rəsmi şüarı sayılan “Zirvələrə hazırıq” sözləri Bakıda beynəlxalq arenada ilk addımlarını atan sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdırdı. Paytaxtda yerləşən 12-dən artıq idman qurğuları hazır vəziyyətdə idi. Atletlər kəndində idmançıların qalması üçün yataqxanalar ayrılmışdı. Təşkilatçılar çalışırdılar ki, bu, tək idman yarışı yox, həmçinin Avropa gənclərinin dostluq festivalı, bir-birilərini tanımaq, mədəniyyətləri, tarixləri barədə məlumat əldə etmək üçün bir vasitə olsun.

Məlumat olaraq bildirək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilirdi və 28 illik tarixə malikdir. Burada 14-18 yaşlı idmançılar müxtəlif növlərdə mübarizə aparırdılar. Olimpiya Festivalının həm qış, həm də yay idman növləri mövcuddur və iki ildən bir tək illərdə keçirilir. Tədbir Olimpiya ənənələrini özündə əks etdirir -- məşəldən başlayaraq idmançı və məşqçilərin, hakimlərin andiçməsinə qədər. Gənc idmançılar üçün bu yarış bacarıqlarını göstərmək, nəyə qadir olduqlarını müəyyənləşdirmək mənasında əla fürsət, Olimpiya zirvəsinə gedən yolda böyük beynəlxalq təcrübə, həm də idmançılar arasında möhkəm dostluğun rəmzi idi.

Bakı Festivalı 15-cidir və iştirak üçün Azərbaycan paytaxtına 48 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəlmişdi. Onlar Atletlər Kəndində bir ailə kimi birləşib, burada Olimpiya ruhunu hiss edirdilər. İdmançıların məskunlaşdığı bu məkan, heç şübhə yoxdur ki, dördilliyin zirvə yarışı sayılan Olimpiya oyunlarına bir qapı idi. “Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Atletlər 10 növdə - gimnastika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, atletika, voleybol və güləş yarışlarında bacarıqlarını nümayiş etdirirdilər. Festival zamanı 12 idman obyektində təxminən 3500 könüllü fəaliyyət göstərirdi. Öz təbəssümü və nəzakətli davranışı ilə festivalın ərsəyə gəlməsinə yardımçı olmuş bu könüllülərə xüsusi minnətdarlıq bildirildi.“Avropa Gənclər Yay Olimpiya Festivalı gənclərin bayramıdır və biz şadıq ki, həmin Oyunlarda bu qədər sayda gənc iştirak etdi”. Yerli təşkilatçılar gənclərlə peşəkar iş apardılar, o cümlədən Bakının 49 məktəbi ilə onların Avropadakı həmkarları arasında qardaşlaşma tellərini mümkün edən Olimpiya Mədəniyyəti və Təhsili Proqramını həyata keçirdilər. Tələbələr mədəniyyət, tarix, incəsənət və idmanla bağlı fikirlərini bir-birilə bölüşdülər, həmçinin Olimpiya dəyərləri və prinsipləri ilə tanış oldular. Onların keçdikləri təlimlər və gördükləri işlər Atletlər Kəndində Olimpiya Mədəniyyəti və İdmanı pavilyonunda nümayiş olundu. Avropa gənclərini bir araya gətirən bu Oyunlardan ən xoş xatirələr isə daim yaddaşlarda qalacaq.

Mərasimdə o da qeyd olunmuşdu ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan təkcə Avropanın deyil, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik yolla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev idmana da xüsusi həssaslıqla yanaşır və hazırda ölkəmizdə müasir standartlara cavab verən təxminən 50 Olimpiya İdman Kompleksi insanların ixtiyarındadır, onların sosial rifahına xidmət edir. Biz sadəcə idmanımızın inkişafı ilə deyil, eyni zamanda, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyuruq. Azərbaycan əbəs yerə dünyada idman ölkəsi kimi tanınmır.Təəssürat və  duyğularını bölüşən Avropa Olimpiya Komitələrinin prezidenti Yaneş Koçyançiç bildirmişdi: “Avropa Olimpiya Komitələrinin 50 üzvünün nümayəndələri olaraq bizim üçün Bakıya -- Odlar Yurdu Azərbaycanın küləklər şəhərinə gəlmək evimizə gəlmək kimi bir hissdir. Dörd il əvvəl ilk Avropa Oyunlarını sizin köməyinizlə gerçəkləşdirdik. Oyunlar bizə möhtəşəm təcrübə verdi və bu yaxınlarda Minskdə keçirilmiş 2-ci Oyunlardan sonra qərara aldıq ki, 3-cü Oyunlar Polşanın Krakov şəhərində və Malopolska regionunda təşkil edilsin. Əminliklə deyə bilərəm ki, sizinlə birgə yeni Avropa Olimpiya İrsinin bünövrəsini qoymuşuq. Sizin təşkilati bacarığınıza və sədaqətinizə heç bir şübhəmiz yox idi. Qətiyyətiniz və könüllülərinizin iş keyfiyyəti, dostluğunuzdan yaxşı xəbərimiz var. Biz onu da bilirik ki, ölkənin edə biləcəyi ən uğurlu investisiya məhz gənclərə edilən investisiyadır”.

Onu da qeyd  edək ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmanın inkişafına, idman infrastrukturunun dünya standartlarına cavab verməsinə, yeni idman obyektlərinin inşasına, idmançılarımızın həyat şəraitinin yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərir. Məhz bunun bariz nümunəsi olaraq Azərbaycan idmançıları dünyanın müxtəlif ölkələrində keçirilən idman yarışlarında bayrağımızı daim ən yüksək zirvələrə qaldırmaqla, ölkəmizin adını ucaldır, eyni zamanda, idman siyasətinin düzgün və uğurla aparılmasını əyani sübut etmişlər. AOK-un vitse-prezidenti Nils Nayqaard çıxışında burada yarışan atletləri seyr etdikdən sonra Avropanın idman aləmində aparıcı mövqeyinin  yaxın zamanlarda dəyişməz olaraq qalacağını  əminliklə söyləməyin mümkün olduğunu vurğuladı. İdman bir daha sübut etdi ki, o, fərqli mənşəyə, inanclara malik olan insanları dinc yarış şəraitində birləşdirməkdə böyük gücə malikdir. Hər zaman ən xoş xatirələrlə yada salacağımız Avropa idmanının və gənclərin unudulmaz bir həftəsinə görə sağ ol Bakı, sağ ol Azərbaycan! Bakı 7 gündə XV Avropa Gənclər Yay Olimpiya Festivalına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətlərinin üzvlərinin, yarışları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycanın yığma komandası 48 ölkə arasında dördüncü oldu.

Bununla da Azərbaycan daha bir mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi etdi. Bu mötəbər idman turnirinin uğurlu təşkilini təmin edən mühüm amillərdən biri son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. 2015-ci ildə tarixdə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, son bir neçə ildə Formula-1 Qran-Prisi, UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını da yüksək səviyyədə təşkil etməklə bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Mustafa KAMAL,

“Respublika”.