AVROPA BİRİNCİLİYİNİN QALİBİ
Region

AVROPA BİRİNCİLİYİNİN QALİBİ

Astara Rayon İcra Hakimiyyətində təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğurlar qazanan, xüsusi nailiyyətləri olan gənclərlə görüşlərin keçirilməsi ənənə halını almışdır. Rayon icra hakimiyyətinin rəhbərliyi gənclərin qayğı və problemləri ilə daim maraqlanır, onlara köməyini, dəstəyini əsirgəmir.

Yeniyetmə boksçu, Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin IX sinif şagirdi Məhəmmədəli Qasımzadə 2019-cu ildə məktəblilər arasında keçirilən Avropa çempionatının qalibi olmuşdur.

Bu ilin mayında isə o,  Monteneqronun Budva şəhərində və iyun ayında Belarusun paytaxtı Minsk şəhərində yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirlərin qalibi adını qazanıb. Məhəmmədəli 12 ölkə idmançılarının iştirakı ilə keçirilən hər iki beynəlxalq turnirdə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və çempion adına layiq görülüb.  

Bu ilin iyul ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Avropa birinciliyində də Məhəmmədəli Qasımzadə qaliblər sırasında yer alıb. Finalda Rusiya idmançısına uduzaraq ikinci yerlə kifayətlənən idmançımız gümüş medala sahib olub.  

Bu mötəbər beynəlxalq turnirlərdə Məhəmmədəlinin qələbəsi şərəfinə  Azərbaycanın Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız ucaldılıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qazandığı yüksək nailiyyətlərə görə  Məhəmmədəli Qasımzadəni təbrik edərək gələcək yarışlarda uğurlar diləyib və onu qiymətli hədiyyə ilə mükafatlandırıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.