Avqustun 16-dan dövlət sosial xidmətlərindən istifadə edən vətəndaşların müraciətləri COVİD-19 pasportu olduqları halda həyata keçiriləcək
Sosial həyat

Avqustun 16-dan dövlət sosial xidmətlərindən istifadə edən vətəndaşların müraciətləri COVİD-19 pasportu olduqları halda həyata keçiriləcək

Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd edilmələri və ya yeni növ koronavirusdan (COVİD-19) sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək.

Eyni zamanda, vətəndaşların nazirliyin elektron xidmətlərinə olan müraciətlərə baxılması da onların COVİD-19 pasportuna malik olduqları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır.

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVİD-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin  yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.

Vaksinasiyaya qoşulaq, özümüzün və yaxınlarımızın, ətrafdakıların həyatını COVİD-19 təhlükəsindən qoruyaq! Pandemiyaya birdəfəlik “Yox!” deyək!

AZƏRTAC