Avqustda gündəlik xam neft hasilatı 596,1 min barel olub
İQTİSADİYYAT

Avqustda gündəlik xam neft hasilatı 596,1 min barel olub

2021-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

Bu barədə  Energetika Nazirliyinin mətbuat sektorundan verilən məlumatda bildirilir ki, “OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

 

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı

Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda   deyilir ki, yaxın illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın əsas strateji iqtisadi prioritetlərindən biri olmaqda davam edəcək.

Nazirliyin proqnozlarına əsasən, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) strukturunda 72,9 faiz qeyri-neft sektorunun, 27,1 faiz isə neft sektorunun payına düşəcək.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda ÜDM-in həcmi 82,2 milyard manat məbləğində proqnozlaşdırılır. Bunun 67 faizini qeyri-neft sektoru, 33 faizini neft sektoru təşkil edəcək.

2025-ci ildə isə ölkədə ÜDM həcminin 102,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 47,3 milyard manata bərabər olub.

 

Azərbaycan məhsullarının ixracı artır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 faiz artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 faiz (32654,52 ton), kartof məhsulu üzrə 23 faiz (85015,5 ton), xiyar məhsulu üzrə 112 faiz (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 faiz (19040,45 ton), qarpız məhsulu üzrə 151 faiz (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 faiz (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 faiz (5304,07 ton), çiyələk məhsulu üzrə 122 faiz (4686,05 ton), armud məhsulu üzrə isə 177 faiz (3088,6 ton) artıb.

 

Rəqəmsal transformasiya sürətləndiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.

Nazirlikdən verilən məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.

Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.

Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.