Audiovizual Şurada sosial xarakterli televiziya layihələrinin rəhbərləri ilə görüş olub
Sosial həyat

Audiovizual Şurada sosial xarakterli televiziya layihələrinin rəhbərləri ilə görüş olub

Avqustun 17-də Audiovizual Şurada sosial xarakterli televiziya layihələrinin rəhbərləri ilə görüş keçirilib.

Audiovizual Şuradan AZƏRTAC-a bildirilib ki, görüş zamanı çıxış edən Şuranın sədri İsmət Səttarov audiovizual media sahəsində tənzimləmə və qüvvədə olan normativ-hüquqi aktlara əməl edilməsi ilə bağlı hazırkı vəziyyət barədə məlumat verib. O, hüquq-mühafizə, o cümlədən prokurorluq orqanları ilə sosial xarakterli televiziya layihələri arasında əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mövcud problemlərə toxunaraq sıx əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə danışıb.

Tədbirdə jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb, faydalı fikir mübadiləsi aparılıb, həmçinin təkliflər səsləndirilib. Bu məzmunlu tədbirlərin mövcud kommunikasiyanın gücləndirilməsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

AZƏRTAC