Atlas-dərs vəsaiti
Elm və təhsil

Atlas-dərs vəsaiti

Azərbaycan elminin son illər beynəlxalq aləmdə nüfuzunun artması, Vətən alimlərinin ən yüksək səviyyəli nəzəri və praktik tədbirlərdə uğurlu iştirakı Respublika Prezidenti cənab İlham Əliyevin elmə diqqət və qayğısının birbaşa təzahürüdür. Alimlərimiz çox gözəl dərk edir ki, yeni mütəxəssislər nəslinin yetişdirilməsi nə qədər məsuliyyətli bir işdir, bu borcu yerinə yetirmək üçün hər bir ali məktəb müəllimi öz sahəsinin yüksək peşəkarı olmaqla yanaşı, dünya səviyyəsində də tanınmalı, örnək olmalıdır.

Azərbaycan Dövlət Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının xarici elmi əlaqələri olduqca genişdir. Əməkdar elm xadimi, Şöhrət ordenli, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin rəhbərliyi ilə bu əlaqələr genişləndirilir, beynəlxalq səviyyəli konfrans və simpoziumlarda geniş və hərtərəfli çıxışlar uğur qazandırır. Anatomlarımızın tədqiqatları nüfuzlu jurnallarda çap olunur.

Belə tədqiqatların qürurverici xəbəri yaxın günlərdə alınmışdır. “Revaiz” Samara Tibb Universitetinin Morfoloji problemlər üzrə elmi-tədqiqat laboratoriyasının müdiri, “Морфологические ведомости” beynəlxalq elmi jurnalın redaktoru, tibb üzrə elmlər doktoru, professor İ.İ.Markovun və Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibb terminalogiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Babayeva Ramilə Emil qızının müəllifi olduğu “Структурная организация лимфатического русла стенки кишечника” adlı atlas-dərs vəsaiti Rusiya Federasiyasında nəfis surətdə çap olunmuşdur.

Atlas limfologiyanın ən mürəkkəb problemlərindən birinə, yəni limfa cərəyanının mikrostrukturlarına həsr olunmuşdur. Dərs vəsaiti tibbi və bioloji fənlər üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər və elmi işçilər üçün nəzərdə tutulmuşdur.