ATƏT PA-nın Stokholmda keçirilən büro iclasında Azərbaycandan Türkiyəyə dəstək
SİYASƏT

ATƏT PA-nın Stokholmda keçirilən büro iclasında Azərbaycandan Türkiyəyə dəstək

ATƏT Parlament Assambleyasının Stokholmda keçirilən büro iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Türkiyə əleyhinə səsləndirilən çağırışlara qarşı çıxış edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 1-də İsveçin paytaxtı Stokholm şəhərində ATƏT PA-nın büro iclasında Kiprdən olan vitse-prezident İrene Çaralambides çıxışında Avropada cərəyan edən miqrant probleminə toxunub. Kiprin nümayəndəsi ölkəsinin və Yunanıstanın miqrant böhranının birbaşa təsiri altında olduğunu və problemin həlli üçün böyük vəsaitlərin sərf edildiyini bildirib. Çıxışının davamında o, miqrant probleminin daha səmərəli həlli üçün Türkiyəyə verilən milyardlarla avro maddi yardımın əvəzinə bu vəsaitin digər ölkələrə verilməsinə çağırış edib.

Buna cavab olaraq ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev söz alıb, Kipr nümayəndəsinin qaldırdığı məsələyə etirazını bildirib. A.Quliyev deyib ki, ölkələr arasında belə bir ayrı-seçkilik yolverilməzdir, Türkiyəyə qarşı bu cür seleketiv və ikili yanaşma tamamilə əsassızdır. Azay Quliyev diqqətə çatdırıb ki, 4,5 milyon qaçqının sığındığı Türkiyəyə qarşı ədalətsiz yanaşmaya yol verilməməlidir. Türkiyə son 10 ildə qaçqınların problemlərinin həlli üçün 40 milyard dollardan çox vəsait xərcləyib və bunu gözardı etmək olmaz.

Azay Quliyev sonda ATƏT və Aİ ölkələrini bu əhəmiyyətli məsələdə Türkiyəni maddi baxımdan dəstəkləməyə və Türkiyənin üzərində olan bu ağır yükü bölüşməyə çağırıb.

 AZƏRTAC