ATƏT PA ilə Türkiyə arasında fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həlli vacibdir
Siyasət

ATƏT PA ilə Türkiyə arasında fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həlli vacibdir

Noyabrın 10-da Ankarada ATƏT PA-nın nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev AZƏRTAC-a verdiyi məlumata görə, görüşdə Türkiyənin son illər üzləşdiyi qaçqın, köçkün və qanunsuz miqrasiya, terrorla mübarizə, ikili standartlar və selektiv yanaşmalar, islamofobiya və digər təhdidlərlə bağlı mövzular müzakirə olunub. Bildirilib ki, Suriya və digər ölkələrdən gələn 4,5 milyon qaçqın və qanunsuz miqranta Türkiyə son 10 ildə 40 milyard dollar xərclədiyi halda, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan söz verilən dəstək təmin olunmayıb. Türkiyənin təkbaşına bu qədər ağır yükün öhdəsindən gələ bilmədiyi və müvafiq beynəlxalq təşkilatların, həmçinin ölkələrin bu problemin həllində rəsmi Ankaraya yardım etməli olduğu vurğulanıb.

Müzakirələr zamanı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, regionda davamlı sülh və barış üçün yeni imkanlar yarandığı, Ermənistanın hazırkı reallıqlar əsasında Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırmasının vacibliyi qeyd olunub.

Görüşdə ATƏT PA ilə Türkiyənin ən müxtəlif mövzularda əməkdaşlıq etməsinin, fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həllinin vacibliyi diqqətə çatdırılıb.

Türkiyənin və beynəlxalq təşkilatların rəsmiləri ilə nəzərdə tutulan görüşlər davam edir.

AZƏRTAC