ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib
Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib

Noyabrın 10-da UNESCO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

AZƏRTAC