Sosial həyat

"Ata, haqqını halal et"

Bu, şəhid Nofəl Quliyevin telefon zəngində atasına dediyi son sözləridir. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, son nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaətləri, mərdlikləri ilə dillərdə dastan oldular.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. Bu haqq savaşında qələbə qazandığımıza görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!

Böyük Türk milləti "Ölsəm şəhid, qalsam qazi", "Torpaq uğrunda ölən varsa, Vətəndir" şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Zaman-zaman igidlərimizi itirdik Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə dərs verən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda Nofəl də hərbiyə çağırılır. Quliyev Nofəl İlham oğlu 1994-cü il iyunun 11-də Gədəbəy rayonu Qoşabulaq kəndində anadan olmuşdur. 2000-ci ildə Qoşabulaq kənd məktəbində tam orta təhsilinə başlamış, 2011-ci ildə də həmin məktəbin məzunu olmuşdur. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin, İstehlak mallarının ekspertizası və marketinqi ixtisasına qəbul olmuşdur. 2015-ci ildə məzun olduqdan sonra elə həmin ilin oktyabrın 20-də həqiqi hərbi xidmətə yollanır. Qayıtdıqdan sonra isə öz ixtisası üzrə bir neçə müəssisədə işləyir.

Şəhidimizin atası İlham Quliyev oğlundan qürurla danışır: "Oğlum ali təhsilli idi. Çox vətənpərvər olub. Ən böyük arzusu Şuşaya üçrəngli bayrağımızı sancmaq idi. Deyirdi ki, ata, mən onu edəcəm. O, vətənini çox sevirdi. Gedəndə də ona müdaxilə etmədik. Oğlum baş qumbaraatan olub. Hər zaman telefonla danışanda bizi rahatlaşdırırdı ki, hər şey yaxşı olacaq, məndən nigaran qalmayın. İnşallah tezliklə qələbə çalıb qayıdacağıq. Narahat olmayın, mən tək deyiləm, heç kimdən də artıq deyiləm. Mən mütləq burada olmalıydım. Heç vaxt mənim üçün ağlamayın. Amma sonuncu danışığımızda məndən halallıq istədi. 2020-ci il oktyabrın 14-də danışdıq, dedi ki, mən yaxşıyam, narahat olma, amma ata, haqqını halal et, müharibədir, hər şey ola bilər. Şəhid olsam da doğma torpağımız uğrunda vuruşuruq. Bir gün sonra yenə əlaqə saxladıq. Amma ayın 15-dən sonra oğlumun zəngləri kəsildi".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Nofəl Quliyev ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Nofəl Quliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Nofəl kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

M.MİRZƏ,

 "Respublika".