ASTARADA AQRAR İNNOVASİYA FESTİVALI
Region

ASTARADA AQRAR İNNOVASİYA FESTİVALI

Astara qabaqcıl kənd təsərrüfatı rayonudur. İqtisadiyyatın əsasını çayçılıq, sitrusçuluq, çəltikçilk və heyvandarlıq təşkil edir. Rayonun kənd əməkçiləri 2022-ci ili aqrar sahədə qazanılmış uğurlarla yola salırlar. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin qurumu olan  Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Astaraçay" emal müəssisəsində Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Lənkəran-Astara iqtisadi rayonunun və digər bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, nazirliyin nəzdində olan bir sıra qurumlar, beynəlxalq təşkilatlar, yerli və xarici şirkətlər, eləcə də dövlət qurumlarının tərəfdaşlığı ilə keçirilən festivalda kənd təsərrüfatı təyinatlı innovativ avadanlıq və texnologiyalar, aqrar sahədə istehsal olunan məhsullar nümayiş etdirilib.

Fermerləri maraqlandıran prioritet məsələlər üzrə məlumat sessiyası və təlimlər keçirilib. "Sitrus meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təşkili", "Kökəltmə təsərrüfatlarında intensiv yemləmənin təşkili" üzrə təlimlərdə və "Kənd təsərrüfatında sığortalanan bitkilər" mövzusunda məlumat sessiyasında mütəxəssislər tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.

Həmçinin, "Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi" layihəsinin ilkin nəticələrinin müzakirəsi ilə bağlı təşkil olunan "Dəyirmi masa"da çay, subtropik meyvə və çəltik istehsalı və emalı ilə bağlı məsələlər geniş müzakirə edilib. Elmi-Tədqiqat institutlarının və aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən şirkətlərin rəhbərləri tərəfindən fermerlərin suallarına aydınlıq gətirilib.

Festival çərçivəsində regionlarda yaşayan gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə "Kənd təsərrüfatı sahəsində ideya sahiblərinə startap qurmağın əsasları" mövzusunda stimullaşdırıcı workshoplar təşkil edilib.

Festivalda fəal iştirakına və dəstəyinə görə bir qrup şəxsə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı əsasında il ərzində Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli, Şəmkir rayonlarında keçirilən festivallarda 4 min nəfərdən çox fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiya ilə yaxından tanış olmaq imkanı qazanıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".