Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib
Digər xəbərlər

Astara və Lerik meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə əməliyyat keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Məlumatlar Baş İdarədə nəzarətə götürülməklə hərtərəfli araşdırılıb, həmin ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların Astara rayon sakinləri Sərdar Gənciyevin və Sərhad Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstənin üzvləri tərəfindən kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində adları çəkilən şəxslər və onlara ağacların kəsilməsində yaxından kömək edən dəstənin digər üzvləri Fərman Fərziyev, Ayəddin Novruzov, Nurlan Cövziyev, qohumu Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyev saxlanılıblar.

Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin ağac emalı sexlərinə qanunsuz olaraq satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə əsasən, dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan bəzilərinin yaşının 100-150 il olduğu müəyyənləşdirilib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda həmin faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC