AŞPA-nın nümayəndə heyəti Ədliyyə Nazirliyində olub
Digər xəbərlər

AŞPA-nın nümayəndə heyəti Ədliyyə Nazirliyində olub

Noyabrın 23-də ədliyyə nazirinin müavini Azər Cəfərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsindən olan nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Avropa Şurası ilə üzv olduğu dövrdən səmərəli əməkdaşlığını qeyd edən nazir müavini müxtəlif, o cümlədən məhkəmə-hüquq sahəsində mütəmadi birgə tədbirlərin, fəaliyyət planlarının, layihələrin həyata keçirildiyini bildirib.

Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni ixtisaslaşmış məhkəmələrin təsis edilməsi, hakimlərin, vəkillərin sayının artırılması, Dünya Bankı ilə əməkdaşlıqda yüksək texnoloji (hi-tech) məhkəmə infrastrukturunun yaradılması, "Elektron məhkəmə", "Elektron icra" informasiya sistemlərinin tətbiqi ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb.

Qanunvericiliyə məhkəmə fəaliyyətində şəffaf prosedurları təmin edən mütərəqqi dəyişikliklərin edildiyi, cəza siyasəti humanistləşdirilərək bir sıra cinayətlərin dekriminallaşdırıldığı, habelə azadlıqdan məhrumetməyə alternativ cəzaların əsaslı genişləndirildiyi bildirilib.

Görüşdə Avropa Şurası ilə əməkdaşlıqda ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı mühüm layihələrin təşviqi, ölkəmiz üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının bu sahənin inkişafı üçün yeni perspektivləri müəyyən etdiyi bildirilib. Planın icrası çərçivəsində hazırlanmış "Azərbaycan tərəfindən Avropa Məhkəməsi qərarlarının icrasının gücləndirilməsinə dəstək" layihəsinin əhəmiyyətinə toxunulub.

Bildirilib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqinə daim xüsusi önəm verilir, bu məqsədlə Ədliyyə Akademiyasında təlimçilər hazırlanıb, çoxsaylı treninqlər keçirilib, hakimliyə namizədlərin Avropa Məhkəməsinə təlim səfərləri təşkil edilib, davamlı olaraq bir nəfər azərbaycanlı hakim həmin məhkəməyə ezam olunur.

AŞPA-nın komitə üzvü Konstantinos Efstatiu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının icrası, bununla bağlı, habelə məhkəmənin presedentləri nəzərə alınmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində xeyli irəliləyişlərin əldə olunmasını yüksək qiymətləndirib, Avropa Məhkəməsinin qərarlarının icrası mexanizmi ilə bağlı fikir mübadiləsi aparıb. O, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələsinə toxunaraq bu sahədə Ədliyyə Nazirliyinin ictimai iştirakçılığı təmin edən qeyri-hökumət təşkilatlarından ibarət İctimai Şuranın səmərəli fəaliyyətini maraqla qarşılayıb.

Tədbirdə Avropa Şurası Bakı ofisinin rəhbəri, səfir Petr Zix və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin üzvü Kamal Cəfərov iştirak ediblər.

AZƏRTAC