ASEAN PA-nın Qadın Parlamentarilərinin görüşündə ölkəmizdə qadınların  hüquqlarının artırılması istiqamətində qazanılan nailiyyətlərdən danışılıb
SİYASƏT

ASEAN PA-nın Qadın Parlamentarilərinin görüşündə ölkəmizdə qadınların  hüquqlarının artırılması istiqamətində qazanılan nailiyyətlərdən danışılıb

Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də ölkənin paytaxtı Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşündə iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Görüşdə çıxış edən parlamentin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq, tədbirdə iştirak etməkdən, fərqli ölkələri və təşkilatları təmsil edən qadın parlamentarilərlə görüşməkdən, birgə səy və kollektiv cavab tələb edən mövzularda fikir mübadiləsi aparmaqdan hər zaman məmnun olduğunu deyib.

COVID-19 pandemiyasının gender bərabərliyinə və qadınların hüquq və imkanlarının artırılması məsələlərinə mənfi təsirlərindən söz açan Sahibə Qafarova pandemiyadan sonrakı bərpa dövründə əldə olunan nailiyyətlərin qorunmasının vacibliyini qeyd edib.

Parlament sədri qadınların həyatın bütün sahələrində iştirakı olmadan güclü və sabit bir cəmiyyət təsəvvür etməyin çətin olduğunu söyləyib. Gender problemlərinin əsas səbəblərindən birinin təhsillə bağlı olduğunu deyən spiker Sahibə Qafarova inklüziv cəmiyyətin yaradılmasında əsas diqqətin təhsilin gücləndirilməsinə və təhsildə bərabər imkanların təmin edilməsinə yönəldilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu, heç şübhəsiz, qadınların siyasət, iqtisadiyyat və digər sahələrdə iştirakçılığını artıracaq.

Parlamentlərin cəmiyyətin ehtiyaclarını və dəyişən dinamikasını əks etdirən nümayəndəli orqan olduğunu bildirən Milli Məclisin sədri qadın parlamentarilərin pandemiyadan sonrakı dövrdə gender bərabərliyinin təmin olunması istiqamətində görə biləcəyi işlərdən söz açıb. O, təmsilçilik və idarəetmə baxımından qadın parlamentlərin gender həssaslığının artırılmasından, deputatların gender bərabərliyini təşviq edən və qoruyan yeni qanunların qəbul edilməsi və onların tətbiqi sahəsində fəaliyyətindən danışıb.

Gender bərabərliyinin və qadın iştirakçılığının gücləndirilməsinin beynəlxalq siyasi və inkişaf gündəliyinin ayrılmaz tərkib hissəsinə çevrildiyini deyən Sahibə Qafarova onu bərabər hüquqlara və bərabər imkanlara əsaslanan daha yaxşı bir dünyaya çatmaq yolunda çox vacib amil kimi dəyərləndirib. O bildirib ki, yalnız milli səviyyədə deyil, qlobal səviyyədə də həmrəylik, əməkdaşlıq və koordinasiya həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha yaxşı nəticələr əldə etməyə imkan verir. Bu mənada, belə platformalar hədəfləri müəyyənləşdirmək baxımından vacibdir.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququ verdiyini qeyd edən Milli Məclisin sədri ölkəmizdə gender bərabərliyinin təmin edilməsində və qadınların hüquq və imkanlarının artırılmasında əldə olunan nailiyyətlərdən danışıb. O, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin və parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasını bu istiqamətdə sistemli və struktur yanaşmanın tətbiq edilməsində, hökumətlə parlament arasında əməkdaşlığın təmin edilməsində mühüm qərarlar kimi dəyərləndirib.

Azərbaycanda gender bərabərliyi və qadın hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsindən, dövlət proqramlarının həyata keçirilməsindən bəhs edən Sahibə Qafarova bu məsələlərlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini bildirib. O, BMT ilə Azərbaycan arasında 2021-ci ilin mart ayında imzalanan 2021-2025-ci illər üçün Dayanıqlı İnkişafa dair Əməkdaşlıq üzrə Çərçivə Sənədində gender bərabərliyi məsələlərinin prioritet sahələr təşkil etdiyini diqqətə çatdırıb.

Çıxışında qadınların, xüsusən də qadın parlamentarilərin beynəlxalq sülh və təhlükəsizlik gündəliyinin təbliğində artan roluna toxunan S.Qafarova Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsini, müharibənin qadınlar üçün təsirlərini və münaqişələrin qarşısının alınmasında, münaqişələrin tənzimlənməsində və davamlı sülh səylərində rollarını araşdıran əhəmiyyətli bir çərçivə kimi vurğulayıb. O, Azərbaycanda adıçəkilən qətnamənin həyata keçirilməsi üçün Milli Fəaliyyət Planı layihəsinin hazırlandığını bildirib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın qonşu Ermənistanın işğalı altında olub. Bu ərazilərdə bütün şəhər və kəndlərimiz, tarixi, mədəni və dini abidələrimiz dağıdılıb. Doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizi qadınlardır. Sahibə Qafarova, həmçinin Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib. Bildirilib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir. Diqqətə çatdırılıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Hazırda qadın və uşaqlar da daxil olmaqla, geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır. Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır. Milli Məclisin sədri deyib ki, bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır.

AZƏRTAC