Sosial həyat

"ASAN xidmət"in elektron hökumət mərkəzi beynəlxalq sorğu hesabatında lider seçilib

"Avropa İttifaqı Biznes Mühiti Hesabatı - 2021" dərc edilib. Hesabat çərçivəsində həyata keçirilən sorğuda Azərbaycanda fəaliyyət göstərən 400-ə yaxın Avropa şirkəti iştirak edib. Şirkətlər Avropa İttifaqına üzv dövlətlər, Avropa Sərbəst Ticarət Birliyi ölkələri və Birləşmiş Krallığı təmsil edir.

Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hesabatda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi yerli islahatlar və yeni orqanların yaradılmasının effektivliyi üzrə birinci seçilib.

Hesabata əsasən Avropa şirkətləri "ASAN xidmət"i 2016-cı ildən etibarən rəqəmsal islahatlar sahəsində lider olaraq seçiblər. "ASAN xidmət" və nəzdində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi bürokratiyanı əhəmiyyətli dərəcədə azaldır, dövlət prosedurlarını sürətləndirir, habelə korrupsiya risklərini aradan qaldırır. COVID-19 pandemiyası dönəmində "ASAN xidmət" tərəfindən yaradılan işçilərin fəaliyyətini təmin edən həllər, eyni zamanda, ABAD, "ASAN Viza" layihəsi haqqında müsbət qeydlər əks olunmuş, prosedurların aydınlığı, müştəriyə yönəlik yanaşma xüsusilə vurğulanıb.

Sənəddə, eyni zamanda "ASAN xidmət"in "Azərbaycan 500 ASAN Startap Proqramı"nı da həyata keçirdiyi və bu çərçivədə Azərbaycan mənşəli startapların bilik və bacarıqlarının artırılmasına, habelə sərmayəyə çıxışının asanlaşdırılmasına dəstəyin göstərildiyi qeyd olunub.

Kamil İSMAYIL,

"Respublika".