Arzusu Şuşaya üçrəngli bayrağı sancmaq idi...
Sosial həyat

Arzusu Şuşaya üçrəngli bayrağı sancmaq idi...

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident cənab İlham Əliyevin   sərəncamları ilə  yüksək dövlət orden və medallarla təltif edilmişdir.

Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Şəhidlik zirvəsinə ucalanlardan biri də Aqşin Faiq oğlu Ənvərlidir.      

Aqşin Ənvərli 1994-cü ildə Qəbələdə anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində hərbi həkim ixtisasına yiyələnib. Universiteti əla qiymətlərlə başa vuraraq Naxçıvan şəhərində həkim-cərrah kimi fəaliyyətə başlayır. Döyüşlər başladıqdan sonra Füzuli şəhərinə yollanır. Sonra Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib. Həmişə ön cərgələrdə olan, hər bir yaralının xilası üçün can atan bu gənci həmkarları savadlı və təcrübəli  həkim adlandırırlar.

Döyüşlərdə qolundan üç yara alan və bir barmağını tamamilə itirən döyüşçü - həkim Aqşini arxaya təxliyə etmək istəyirlər. Lakin o, buna razı olmur.Yaralarını sarıyaraq yenidən döyüşə qatılır. Son cəhdi yaralı komandiri xilas etmək olur, amma qəfil snayper gülləsinə tuş gəlir və noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlir. Qəbələ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Aqşin Ənvərli ölümündən sonra  “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Qəbələ şəhərindəki küçələrdən birinə şəhidin adı verilib.

O, torpaqlarımızın azadlığı uğrundakı mübarizədə təkcə həkim kimi yox, həm də əsl döyüşçü kimi əlindən gələni edib. Ən böyük arzusu Şuşaya üçrəngli bayrağımızı sancmaq olub. İndi onun ruhu şaddır, çünki arzusu şanlı ordumuz tərəfindən yerinə yetirildi. Şəhidlik zirvəsinə yüksələndən iki gün sonra Şuşa öz azadlığına, doğma sahiblərinə qovuşdu.

Aqşin gənc yaşında bənzərsiz bir ömür yaşadı. Onun ömrü digər şəhid ömürləri kimi Vətənimin insanlarından ötrü bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq - qeyrət,  şərəf, ləyaqət, mərdlik və fədakarlıq nümunəsi...

Torpaqlarımızın azadlığı və müstəqilliyi naminə canlarından keçən Aqşin kimi şəhidlərin torpağıdır Vətən. Ölümü özünə şərəf sanan, öz əqidəsi, cəsarəti ilə şəhidlik zirvəsinə  ucalan  Aqşinin adı torpaqlarımıza  azadlıq gətirənlərin siyahısındadır.

Vətən uğrunda canından, qanından keçən Aqşin Ənvərlinin  ailəsi üçün ən böyük təsəlli odur ki, artıq heç bir şəhidin qanı yerdə qalmayıb.Vətən, torpaq yolunda şəhid olanlar ölmürlər, şəhidlik zirvəsinə ucalaraq əbədiyyət hüququ qazanırlar. Ruhun şad olsun!

                                                                                                      M.MİRZƏ,

                                                                                                  “Respublika”.