“ARZUMA ÇATDIM” ADLI ŞƏHİD HAQQINDA FİLM
Sosial həyat

“ARZUMA ÇATDIM” ADLI ŞƏHİD HAQQINDA FİLM

Famil Əlizadə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbini və Bakı şəhərindəki 2 nömrəli peşə liseyini bitirib. Zəhmətkeş gənc sadə peşə sahibi idi.

2017-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağrılıb. Ordu sıralarında intizamlı, nümunəvi əsgər kimi xidmət edib. 2019-cu ilin yanvar ayında xidmətini başa vuraraq ordudan tərxis olunub.

Famil el-obaya, Vətənə bütün varlığı ilə bağlı idi. Torpaqlarımızın düşmən işğalında olması ilə heç cür barışmırdı. Vətən müharibəsinin başlanması xəbərini eşidəndə ərizə yazıb könüllü cəbhəyə yollandı. Düşmənə qarşı cəsarət və igidliklə vuruşdu. Füzuli rayonu uğrunda gedən döyüşlərdə şücaət, əzmkarlıq göstərdi. Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində fədakarlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəldi. 2020-ci ilin oktyabr ayının 22-də Ərkivan qəsəbəsinin Bağlaküçə qəbiristanlığında torpağa tapşırıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Famil Əlizadə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Masallı Regional Mədəniyyət İdarəsi və N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Famil Əlizadə haqqında “Arzuma çatdım” adlı sənədli film çəkilib. Masallı Rayon Mədəniyyət Mərkəzində filmin təqdimatı keçirilib. Mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş igidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin şərəfli ömür yolunu, döyüşlərdə hünər və şücaətini əks etdirən epizodlar onun vətənpərvərliyi, qəhrəmanlığı barədə tamaşaçıda aydın təsəvvür yaradır. Filmdə həmçinin şəhidin ailə üzvlərinin, doğmalarının, ziyalıların və Ərkivan qəsəbə sakinlərinin xatirələri yer alıb.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov film haqqında fikirlərini, təəssüratlarını bölüşüb. Şəhidin atası Habil Rəhimov filmi ərsəyə gətirən yaradıcı heyətə dərin minnətdarlığını bildirib.

 

Əlisəfa HƏSƏNOV,

“Respublika”.