Arxamca ağlamayın...
Region

Arxamca ağlamayın...

Heç kəsə sirr deyil ki, övladın ilk tərbiyəsi beşikdən, ailədən, məktəbdən, qonum-qonşudan başlayır. Yeni doğulan uşağın qulağına pıçıldayırlar ki, sən ulu bir xalqın gələcəyisən, tarixin şərəflidir, yadelli işğalçılara qarşı mübarizədə heç vaxt məğlub olmamısan, sən qüdrətli Azərbaycan dövlətinin, şərəfli bir xalqın oğlusan. An, gün, ay keçir, il ötür, həmin övlad yetkinlik yaşına çatır. Anlayır ki, ata-babalarının yurd yeri düşmənin işğalı altındadır, valideynləri məcburi köçkündür. Haqlı bir sual yaranır, o uşaq neyləməlidir?! Əlbəttə, doğulub boya-başa çatdığı yurdu işğalçılardan azad etməlidir. Nurlan da məhz belə oğullardan idi.

Nurlan 1991-ci il mayın 23-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub. İki yaşında olanda Ermənistanın hərbi təcavüzü nəticəsində ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşərək Beyləqan şəhərində məskunlaşıb. Valideynlərinin yurd həsrətinə hər an şahid olub, onların göz yaşları onun uşaq qəlbində düşmənə qarşı sonsuz nifrət yaradıb. Nurlan 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və o, əsgərliyə ruh yüksəkliyi ilə yola düşüb. Nümunəvi xidməti ilə əsgərliyini başa vurub. Məcburi köçkün həyatı yaşayan valideynlərinin yanına qayıdıb. Düşmənə nifrət hissi ilə yaşayan Nurlan Vətən müharibəsi başlanan gündən könüllü olaraq ordu sıralarına qatılıb. Nurlan cəsur əsgər kimi Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. İşğal altında qalan torpaqlarımızın, o cümlədən valideynlərinin yurdunun azad olunmasında böyük igidlik göstərib. Düşmənə zərbələr endirib. 2020-ci il oktyabrın 17-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub. Milli ordumuzun əsgəri Nurlan Usub oğlu Rzayev Beyləqan rayonunun Şəfəq qəsəbə qəbiristanlığında dəfn edilib.

Vətən müharibəsi şəhidi Nurlan Rzayevin doğum günündə əziz xatirəsi anılıb, şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Füzuli rayon şöbəsinin əməkdaşları, kənd məktəbinin kollektivi, rayonun axundu, döyüş yoldaşları, şəhid ailələri, I və II Qarabağ müharibələri qaziləri və kənd sakinləri iştirak ediblər. Anım mərasimində Nurlanın qısa və şərəfli ömür yoluna nəzər salınıb, döyüşlərdə göstərdiyi şücaətdən ətraflı söz açılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun əsgəri Nurlan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhid Nurlan Rzayevin atası Usub Rzayev birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bu fakt Azərbaycanın şərəfli ailə ənənəsinin ən yaxşı göstəricisidir. Ata torpaqlarımızın müdafiəsi uğrunda qan töküb, savaşıb, fəqət onu qoruya bilməyib, qazi olub. Həmin atanın övladı Qarabağın işğaldan azad edilməsi üçün canından keçib, atasının arzularını yerinə yetirib. Və deyib ki, arxamca ağlamayın, mən Vətəni xilas edənlərin cərgəsindəyəm... Ruhun şad olsun!

Salman ALIOĞLU,

"Respublika".