Arıçılıq inkişaf edir
Region

Arıçılıq inkişaf edir

Cəbrayıl rayonunda kənd təsərrüfatının digər ənənəvi sahələri kimi, arıçılıq da məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində inkişaf edir. Rayonda arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır.

Cəbrayıl arıçıları artıq balın bir qismini süzüb. Rayon sakini Yusif İsmayılov deyir ki, builki bal ötən ildəkindən 20-30 faiz çox olduğundan süzüm mərhələ-mərhələ aparılır. Arıçılığa on arı ailəsi ilə başlayan Y.İsmayılovun hazırda 40 arı yeşiyi var. Bir yeşikdən 20 kiloqram bal alır. Ötən il isə bu rəqəm 12-15 kiloqram təşkil edirdi. Yaz aylarında yağıntı çox olduğundan çiçəklər yaxşı nektar verdi, nəticədə arılar da yaxşı işlədi və məhsuldarlıq bol oldu.

Arı ailələrinin yerlərinin dəyişdirilməsi balın keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Çünki hər yerin təbiəti özünəməxsus olur. Təsərrüfat sahibləri bu il ilk dəfə arı ailələrinin bir qisminin təbiəti, bitki örtüyü zəngin olan Cəbrayıl və Xocavəndə apardıqlarını qeyd edirlər.

Hər arı pətəyinə görə dövlət tərəfindən subsidiyanın verilməsi məhsul istehsalçılarının bu sahəyə marağını daha da artırıb. Cəbrayılda 103 arıçı, 1492 arı ailəsi vardır. Bu günə kimi  rayonda 1640 kiloqram bal istehsal olunmuşdur.

Tofiq HÜSEYN,

"Respublika".