ARAZ SƏLİMOV
Sosial həyat

ARAZ SƏLİMOV

Araz Səlimovu Xocalıda və ona yaxın ərazidə yaxşı tanıyırdılar. Yaşı o qədər də çox deyildi. 32 yaşı təzəcə tamam olmuşdu. Amma bu yaşın çərçivəsinə sığmayan əməlləri vardı. Xocalının ən çətin günlərində darda qalanlara, çətin vəziyyətə düşənlərə kömək etmişdi. Onları təhlükəsiz yerlərə çatdırmışdı. Belə adamların sayı bir deyildi, beş deyildi. Ona görə də Araza müraciət edənlər yaxşı bilirdilər ki, darda qalmayacaqlar. Könüllülərdən ibarət batalyona yazılanda hər şeyi ölçüb-biçmişdi. Bilirdi ki, bu torpaq uğrunda ölmək olar və bu ölümü şərəfli yaşamaq qədər uca tuturdu.

Səlimov Araz Bahadur oğlu 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə orta məktəbin səkkizinci sinfini bitirərək texniki-peşə məktəbində traktorçu peşəsinə yiyələnir. Bir müddət kolxozda çalışır. 1978-ci ildə Sovet Ordusu sıralarında hərbi xidmətə yollanır. 1980-ci ildə ordudan tərxis olunur və Xocalıda südçülük-tərəvəzçilik sovxozunda traktorçu işləyir. 1988-ci ildə başlanan qanlı müharibə Araz Səlimovu da silah götürməyə məcbur edir. 1990-cı ildə könüllü olaraq Xocalı özünümüdafiə batalyonuna yazılır. İlk gündən öz cəsarəti ilə fərqlənir, pulemyotçu kimi erməni təxribatlarına layiqincə cavab verir. Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşaraq, onlarla qız-gəlini, qoca və uşaqları erməni quldurlarının caynağından qurtarır. Erməni yaraqlıları Arazın izinə düşərək, qardaşı Fəxrəddinlə onu Əsgəranda vəhşicəsinə qətlə yetirirlər. Xocalı faciəsi zamanı bu ailədən üç nəfər - ata və iki oğul şəhid olur. Bir oğul, iki qız atası idi. Ağdam şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

1992-ci il fevral ayının 26-da bir daha sübut olundu ki, erməni quldurları ən ağır cinayətlərə əl atmaqdan belə çəkinmirlər. Xocalıda törədilən soyqırımı tarixin ən dəhşətli faciələrindən biridir. Ermənilərin belə vəhşiliklərindən xəbəri olan Araz Səlimov dinc əhaliyə kömək etmək üçün yorulmaq bilmirdi. Sonuncu dəfə Əsgərandan geriyə dönəndə düşmən mühasirəsinə düşdü. Onda qardaşı Fəxrəddinlə atası Bahadur kişi də yanında idi. Çətin vəziyyətdə qalmışdılar. Amma Araz son nəfəsinə qədər düşmənə asanlıqla təslim olmadı. Deyirlər ki, düşmənlər onu ələ keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. Ona görə ki, Arazın iştirak etdiyi əməliyyatlarda düşmən xeyli itkiyə yol verirdi. Özü demişkən, biz ölməyə yox, öldürməyə gedirik. Elə bir düşmənlə üz-üzəyik ki, onlara zərrə qədər də güzəşt edə bilmərik.

 Milli qəhrəmanın həyat yoldaşı Aidə Ələkbərovanın dediklərindən: "Araz həmişə qaynar döyüşlərdə iştirak edirdi. Qorxu nədir bilmirdi. Ermənilər aktivlik göstərdiyinə görə onun izinə düşmüşdülər. Xocalı qırğını, Xocalı dəhşəti mənim ürəyimdən, yaddaşımdan heç vaxt silinməyəcək. Həmin gecə 3 uşaqla meşəyə doğru qaçdıq. Bu vaxt ermənilər bizim qabağımızı kəsdilər. Bacımı ermənilər gözümüzün qabağında güllələdilər. Onu özümüzlə götürə bilmədik, elə orada yaralı halda qoyub getdik. Daha sonra gözü qanla örtülmüş erməni vəhşiləri qardaşımı və onun oğlunu güllələdilər. Yoldaşımı, qayınlarımı, qayınatamı, bir sözlə, evimizdə nəslimizin soyadını daşıyan bircə oğlum qaldı. Oğlumun o vaxt 3 yaşı vardı".

Xocalı sakini C. Orucovun xatirələrindən: "Araz Səlimovu kiçik yaşlarından tanıyırdım. Xocalıda biz yaxın qonşu olmuşuq. Mən Arazın qoçaqlığını, cəsarətli olmağını öz gözümlə görmüşəm. Bacarıqlı idi. Onda güclü qonşu, məhəllə təəssübkeşliyi vardı. Sonradan həmin keyfiyyətlər çevrildi Torpaq, Vətən məhəbbətinə. Atası rəhmətlik Bahadır dayı Arazı başqa mühitdə böyütmüşdü sanki. Elə ona görə də o, Xocalı faciəsində öz gücünü, öz bacarığını bir daha sübut etdi".

Araz 1992-ci il 26 fevral Xocalı fa

ciəsi zamanı son gülləsinə qədər vuruşdu. Əraziləri yaxşı tanıdığına görə onu ən çətin tapşırıqların yerinə yetirilməsinə göndərirdilər və inanırdılar ki, Araz tapşırılan işin öhdəsindən ləyaqətlə gələcək. Bircə şeydən tərəddüd edirdi. Deyirdi ki, sonuncu gülləni öz ürəyimə sıxaram, təki erməni quldurlarına əsir düşməyim. Ermənilərin törətdikləri açıq və gizli cinayətlərdən xəbəri vardı. Ən çətin döyüşlərdə açıq-aşkar hiss etmişdi ki, ermənilərin heç kəsə - nə qocalara, nə uşaqlara, nə də qadınlara güzəşti yox idi. Onların bircə məqsədi vardı: məhv etmək, öldürmək, günahsız adamlara cəza vermək... Arazın çətin məqamlarda əməliyyatları uğurla başa çatdırması tez-tez baş verirdi. Batalyonda hamı ona inanırdı. Bilirdilər ki, Araz düşmənin mövqelərinə yaxşı bələddir. Bir dəfə atası Bahadur kişi çətin əməliyyatdan onu yayındırmaq istəmişdi. Amma Araz inadından dönməmişdi. Demişdi ki, Xocalını da, ona yaxın bütün əraziləri də biz qorumalıyıq. "Mən Xocalıda doğulmuşam. Son damla qanıma qədər bu doğma ocağımızı qoruyacağam", - deyirdi.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Səlimov Araz Bahadur oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib, qardaşı Mikayıl Səlimov isə "Qırmızı bayraq" ordeni ilə təltif olunub.

M.MİRZƏ,

"Respublika".