Aran torpağının  “ağ qızıl”ı
Region

Aran torpağının  “ağ qızıl”ı

Yurdumuza payızın gəlişi demək olar ki, hər tərəfdə hiss olunur. Payız həm də bar-bərəkət, bolluq mövsümüdür. Aylardan bəri çəkilən zəhmət öz bəhrəsini verib. Bağlarda, tarlalarda, bostanlarda bol məhsul yetişdirilib və yığımın ən qızğın çağıdır. Ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən biri də pambıqçılıqdır. Respublikada “ağ qızıl” ustaları artıq yığıma başlayıblar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkələr sırasına qalxıb.

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədi rayonunda da məhsul yığımına başlanılıb. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı rayonda fermerlərin, torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Cari təsərrüfat ilində fermerlər 11 min hektar sahədə pambıq əkməyə nail olublar. Min bir zəhmətin bahasına sahələrdə bol məhsul yetişdirilib. Fermerlərin dediklərinə görə, əvvəlki illərlə müqayisədə bu il təsərrüfatlardan daha çox məhsul gözlənilir.

Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defoliyasiya işləri aparılır.

Yüksək aqrotexniki tədbirlər sayəsində rayonun fermer təsərrüfatlarında bu il bol pambıq yetişdirilib. Böyük zəhmət hesabına əldə olunmuş məhsulun yığılması üçün pambıqyığan maşınlara üstünlük veriləcək. Ona görə də tarlalarda pambıq kollarının yarpaqlarının tökülməsi üçün avqust ayının 31-dən defoliyasiya tədbirlərinə başlanılıb. Son günlər bu istiqamətdə tədbirlər daha da genişləndirilib.

“Azərpambıq” MMC və MKT-İK MMC Ağcabədi filiallarının xidmət etdikləri fermer təsərrüfatlarında da keyfiyyətli defoliyasiya işləri aparılır. Hər iki emal müəssisəsi tərəfindən bu məqsədlə fermerlərə keyfiyyətli iş aparmaq üçün OVX və çiləyici texniki vasitələr ayrılıb. Sözügedən pambıqçılıq təsərrüfatlarında “Azərpambıq” MMC filialı tərəfindən “Trop-Ultura”, MKT-İK MMC filialı tərəfindən isə “Baystar” pestisidləri tətbiq olunur.

Qeyd edək ki, “Azərpambıq” MMC filialının əhatə etdiyi təsərrüfatlarda avqustun 31-dən, MKT-İK MMC filialının əhatə etdiyi təsərrüfatlarda isə sentyabrın 5-dən defoliyasiya tədbirlərinə başlanılıb. “Azərpambıq” MMC filialının xidmət etdiyi 843 nəfər fermer təsərrüfatına məxsus 4 min 330 hektar pambıq sahəsinin 200 hektarında, MKT-İK MMC filialının xidmət etdiyi 744 nəfər fermer təsərrüfatına məxsus 4 min 150 hektar pambıq sahəsinin 150 hektarında defoliyasiya işləri aparılıb.

Mütəxəssislərin dediklərinə görə, havaların çox isti keçməsi ilə əlaqədar defoliyasiya tədbirlərinə cari mövsümdə ötən il ilə müqayisədə 10 gün tez başlanlılıb. Hazırda bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib.

Salman ALIOĞLU,

“Respublika”.